İdman

Boksçularımız 2 yarışda 7 medal qazandı

“Qəbələ” İdman Klubunun boksçuları 2015-ci ilə uğurla start verib. Belə ki, 1999-2000-ci il təvəllüdlülər Bakıda, 2001-2002-ci il təvəllüdlülər isə Rusiyanın Volqoqrad şəhərində qüvvələrini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, təmsilçilərimiz qatıldıqları hər iki turnirdə mükafatçılar sırasında yer alıblar.

1999-2000-ci il təvəllüdlü idmançılar yeniyetmə boksçular arasında Bakı birinciliyində çıxış edib. Hövsan Olimpiya Kompleksində baş tutan yarışda 3 təmsilçimiz fəxri kürsüyə yüksəlib. 60 kq çəki dərəcəsində mübarizə aparan İsmayıl Yaqubov paytaxtda çempion adına sahib çıxıb. Digər iki idmançımız isə finalda məğlub olaraq, 2-ci yerlə kifayətlənib. Səbuhi Abbasov 48 kq, Ramiz Nadirov isə +81 kq çəki dərəcəsində gümüş mükafatçı olub.

2001-2002-cü il təvəllüdlülər isə SSRİ-nin idman ustası Roman Subotinin xatirəsinə həsr olunan Yeniyetmələrin Açıq Turnirində qüvvələrini sınayıb. “Qəbələ” idmançıları qonşu ölkədə 4 mükafat qazanıb. Murad Zeynalov (36 kq) yarışın qalibi adına yiyələnib. 34 kq çəki dərəcəsində isə iki təmsilçimiz mükafat qazanıb. Vüqar Hüseynov 2-ci, Eltac Cəfərzadə isə 3-cü olub. Qəbələ şəhər bölməsini təmsil edən Cavidan Sərkarlı (38 kq) da yalnız finalda məğlub olaraq, 2-ci yeri tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43