İdman

Boksçularımız beynəlxalq turnirdə 10 medal qazandılar

Azərbaycanın gənc və yeniyetmə boksçuları Macarıstanın Eger şəhərində keçirilmiş beynəlxalq turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.

İdmanxeber.az xəbər verir ki, gənclər yığmasının heyətində Sübhan Məmmədov (51 kq), Məhəmmədəli Aşurəliyev (57 kq) və Fərhad Şeydayev (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onlardan fərqli, Tağı Nəsibov (54 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) finalda məğlub olaraq, gümüş medalla kifayətləniblər. Ömər Aslanlı (54 kq) isə 3-cü yeri tutub.

Yeniyetmə boksçulardan Banuçiçək Nəsirli (46 kq) qızıl, Özləm Həsənova (63 kq) gümüş, İnci Məcidli (50 kq) və Abbasqulu Şadlinski (63 kq) isə bürünc medala sahib çıxıblar.

Beləliklə, Elbrus Rzayev və Rafiq İsmayılovun rəhbərlik etdiyi komandalar ənənəvi beynəlxalq turniri 10 medalla bitiriblər. Yığmanın heyətində Aşurəliyev yarışın ən texnikalı, Qasımzadə ən əzmkar boksçusu seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43