Kateqoriyasız Ölkə futbolu

Bossa BOS-da dəstək olaq – (YAZI)

Avroliqanın qrup mərhələsinin III turunda “Qarabağ” Bakıda “Vorskla” ilə qarşılaşacaq. Və çox təəssüf ki, belə bir əhəmiyyətli oyun üçün cəmi 15 min bilet satılıb. Görünən odur ki, Ağdam təmsilçisinin  bəlkə də ən çox dəstəyə, köməyimizə ehtiyac duyduğu bu oyunda onları yalnız buraxacayıq. Halbuki bütün futbolsevərlər həmin gün stadiona gedib, “Qarabağ”a dəstək olmağa borcludur. Bəli, borcludur.

Ona görə borcludur ki, onlar küçə çempionatı səviyyəsində keçən, bri neçə köklü klublarımızn batdığı bataqliğa bənzər Premyer Liqamızda nəinki ayaqda qalıblar, hətta özlərinə bir cığır tapıb Avropa nəhəngləri ilə oynaya da biliblər. İndiyə qədər televizordan görüb, adını qəzətlərdə oxuduğumuz komandaları bizə canlı göstərib, hamımıza stadionda əsl futbol ab-havası yaşadıblar.

Azərbaycan kimi futbolu yox səviyyəsində olan bir ölkədə 70 minlik stadionun dolmasını təsəvvür edirsiniz ? O stadion inşa ediləndə hansı birimiz oranın bir futbol qarşılaşmasında dolacağına inanardıq ? Heç birimiz nə inanardıq, nə də ümid edərdik. Ancaq “Qarabağ” Avropanın ən böyük klublarını Bakıya gətirərək bu stadionu doldurmağa bacarıb. Təbii ki, stadionu dolduranların hamısı heç də “Qarabağ” üçün gəlmirdi, bundan xəbərdarıq. Kimisi “Atletiko” üçün, kimisi “Çelsi”yə, “Arsenal”a görə, kimisi də “Roma”nı görməyə gəlmişdi. Və üstəlik bu klublar Bakıya nə nəyinsə müqabilində, nə də hansısa lazımsız bir yoxlama oyunu üçün gəlməmişdilər. Onları bu ölkəyə gətirməyə  məcbur edən, hər birimizə  Çempionlar Liqasının o möhtəşəm himnini  canlı olaraq dinlətdirən komandadır, “Qarabağ”. Yaxşı xatırlayıram, ÇL-nın evdəki ilk qarşılaşmasında hər birimizdə sırf o əzəmətli himni canlı dinləyəcəyimizin həvəsi, həyəcanı var idi. Xatırlayın, “Kopenhagen”lə səfərdə sərfəli nəticədən sonra Çempionlar Liqasına vəsiqə qazanmağın sevincini necə yaşamışdıq ? Bəlkə də həmin gecə minlərlə insanın həyatının nadir gecələrindən biri idi ki, bütün dərd-sərlərni unudub, dünyalar onların olmuş kimi rahat yatmışdı.

İndi həmin o komanda iki gündən sonra UEFA-nın ikinci böyük turniri olan Avroliqada növbəti oyununa çıxacaq. Bizə bu qədər sevinclər bəxş edən, ağlar gündə olan futbolumuzda üzümüzü güldürməyə bacaran bu komanda hər cür dəstəyi haqq edir. Bizim üstümüzə düşən isə onları haqq etdikləri o dəstəyi verib, yanlarında olmaqdır. “Qarabağ”ın sadiq azarkeşlərinin orada olacağına şübhə yoxdur. Əsl problem böyük komandalar gələndə bilet üstündə dava edib, belə oyunlarda arxasını çevirənlərdir. “Qarabağ” arxamızı çevirəcəyimiz bir komanda olmayıb. İndiyə qədər kimin üçünsə doldurduğumuz o böyük stadiona bir dəfə də “Qarabağ” üçün gəlib, onlara olan borcumuzu qaytarmalıyıq. Və unutmayaq ki, bu komandanın baş məşqçisi yalnız “Qarabağ”  üçün yox, ölkə futbolu üçün gecə-gündüz çalışıb, hər şeyini ortaya qoyan biridir. Məhz elə ona görə də futbolumuzun bossuna BOS-a gələrək dəstək olmalıyıq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43