Premyer Liqa

“Böyük oyun”: Yubiley qələbəsinə doğru

“Neftçi”yə qarşı indiyədək baş tutan 31 oyundan 27-si çempionat, 3-ü kubok yarışlarına, eləcə də 1 oyun Superkuboka təsadüf edib. Ümumilikdə komandalar 13 matçın sonunda futbol meydanından heç-heçə ilə ayrılıb.

Bunların 11-i çempionat, 2-si kubok çərçivəsində tabloya həkk olunub. Həm “Xəzər Lənkəran”, həm də “Neftçi”nin ümumi 9 qələbəsi var.

Çempionatın növbəti turunda qazanılacaq qələbə yubiley – 10-cu olacaq. Vurulan qollarda isə bakılıların üstünlüyü var – 33-28.

Qələbələrini yalnız çempionatda əldə edən bakılılar 9 dəfə 3 xala sevinib. Bir qələbəsi Azərbaycan kubokuna, bir qələbəsi Superkuboka təsadüf edən “Xəzər Lənkəran”ın qazandığı oyunların 7-si çempionat çərçivəsində baş tutub.

“Neftçi” ilə ev oyunlarında “Xəzər Lənkəran” böyük üstünlüyə malikdir. Öz meydanında 6 qələbə qazanan və eyni sayda heç-heçə edən “Xəzər Lənkəran” cəmi 2 dəfə doğma azarkeşlərinə məğlubiyyət acısı yaşadıb. Sonuncu dəfə evdə alınan məğlubiyyət 2007-ci ilə təsadüf edib. Bu görüşlərdə meydan sahibləri 12, qonaqlar 7 top vurub.

“Böyük oyun”larda vurulan 61 qola 41 futbolçu imza atıb. “Xəzər Lənkəran”ın 21, “Neftçi”nin 20 oyunçusu bu qarşılaşmalarda fərqlənib. “Neftçi”də oynadığı vaxt Ruslan Abışov “Böyük oyun”lardakı yeganə avtoqola üzülüb.

Bu görüşlərin ən məhsuldar oyunçusu Flavinyodur. Onun hesabında 7 qol var. “Neftçi”nin digər üzvü Zaur Tağızadə isə 4 dəfə fərqlənib. “Xəzər Lənkəran”ın ən məhsuldar üzvü isə Julius Vobaydır – 3 qol. Bahodir Nasimov cənubluların qapısına eyni sayda qol vurub. Uinston Parks, Rəşad Abdullayev, Zaur Ramazanov, Etame Mbilla “Xəzər Lənkəran”ın, Nikolas Kanales və Svetoslav Stefanov isə “Neftçi”nin heyətində 2 qol vurublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43