Ölkə futbolu

“Böyük oyun”un rekordları

“Neftçi” və “Xəzər Lənkəran” arasında Topaz Premyer Liqasının 5-ci turunda keçirilən “Böyük oyun” rekordlarla əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə, bakılılar ardıcıl 4-cü ev oyununda qalib gəlib. Bu isə “Böyük oyun”lar tarixinin rekordudur. “Ağ-qaralar” ötən mövsümün hər iki ev oyununda – 4:1 (02.11.2013) və 1:0 (29.03.2014), həmçinin 2012/13 mövsümündə 2:1 (15.09.2012) hesabı ilə  qalib gəlmişdi. Bu dəfəki 1:0 hesablı qələbə isə ev oyunlarındakı qələbə seriyasını 4-ə çatdırıb. Bunadək “Böyük oyun”ların rekordu ardıcıl 3 ev qələbəsi idi. “Xəzər Lənkəran” 2011-ci il sentyabrın 10-da və 2012-ci il aprelin 22-də eyni – 1:0, 2012-ci il dekabrın 14-də isə 2:1 hesabı ilə qalib gəlməklə qonaqları xalsız qoymuşdu. “Neftçi”nin baş məşqçisi kimi bütün yarışlar nəzərə alınmaqla 9-cu dəfə “Böyük oyun”a qatılan Arif Əsədov sələfi Böyükağa Hacıyevin rekordunu təkrarlayıb. Onlar eyni komandanı “Böyük oyun”a daha çox çıxaran məşqçi kimi ən yüksək göstəriciyə malikdirlər. Daha çox – 13 belə matçda iştirak edən Ağasəlim Mircavadov isə buna iki komandada nail olub. Əsədov 9-cu cəhddən ilk qələbəsinə şahidlik edib. “Böyük oyun”ların ən məhsuldar futbolçusu Flavinyo 8-ci qolunu vurub. Bununla da öz rekordunu yeniləyən braziliyalı ən yaxın izləyiciləri ilə fərqi artırıb. Zaur Tağızadə 4, Bahodir Nasimovla Julius Vobay 3 dəfə “Böyük oyun”da qol sevinci yaşayıb. Onlardan yalnız Vobay “Xəzər Lənkəran”ın, digərləri “Neftçi”nin heyətində bunu bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43