Ölkə futbolu

Böyükağa Hacıyev futbolçulara “təşəkkür” etdi: “Artıq bu futbolçular “doyub”

“Futbolçularıma mənə etdikləri “böyük hədiyyə”yə görə “minnətdaram”. Bu gün mənim 56 yaşım tamam olur. Bunu yadımda saxlayacam. “Sumqayıt” daha yaxşı oynadı. Layiqli qələbə qazandı. Rəqib komandanın gənc futbolçuları bizdən daha istəkli oynadılar. Əgər “Neftçi”də qalası olsam kubokun cavab oyunundan sonra yeni komanda yığacam. Köhnələrlə vidalaşmağa çalışacağam”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Təcrübəli mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Su bir yerdə çox qalanda iylənər. Heyətə “yeni qan” lazımdır. Kubokda inamlı oynayıb, kuboku qələbə qazanmaq lazımdır. Çempionatda “İnter” də bizdən 3 xal irəlidədir. Mövsümü titulsuz başa vurmaq istəmirəm. Sabahdan “Rəvan”la oyunun hazırlıqlarına başlayacağıq. Bu gün futbolçularımın rəqib qarşısında acizliyini gördüm. Heç kimi qınamıram, günah özümüzdədir. Artıq bu futbolçular “doyub”. Komandamı meydanda tanımadım, oynamaq istəmədilər. Bu gün autsayderə qarşı oynayırıq, sabah isə avrokuboklarda oynayacağıq. Bu komanda ilə çox uzağa getmək olmaz. Bu oyunu yüksək səviyyədə oynamaq lazım idi. “İnter” hal-hazırda yüksəlişdədir, səfərdə “Bakı”nı 4-0 hesabı ilə məğlub etdi. Autsayderə 1-3 hesabı ilə uduzmaq isə biabırçılıqdır. Bəzi futbolçuları yerinə olsam gecə intihar edərdim. Bugünkü nəticə “Neftçi”nin tarixi üçün qara ləkədir. Araz gərək azarkeşə cavab verməyəydi”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43