Müsahibə

Böyükağa Hacıyev “küçə komandası” söhbətini etdi, “Xəzər Lənkəran”a meydanda sülh təklif etmədi – MÜSAHİBƏ

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Xəzər Lənkəran”la oyundan öncə idmanxeber.com-a müsahibə verib.

– Sabah (red. söhbət dünən olub) prinsipial rəqibiniz “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. “Neftçi” “Böyük oyun”a hazırdımı?

Ajiotaj yaratmağa ehtiyac yoxdu. Adi oyundu. “Qəbələ”, “Rəvan”, AZAL və digər klublarla görüşə necə hazırlaşırdıqsa, “Xəzər Lənkəran”a qarşı da elə məşq keçdik. Çünki əvvəlki “Böyük Oyun”lardan əsər-əlamət qalmayıb. Bu, “Böyük Oyun”dan çox küçə savaşını xatırladır. Hər dəfə “Neftçi” – “Xəzər Lənkəran” duellərindən sonra kimlərsə cəzalanır, artıq-əskik söhbətlər olur. Mən elə gəlir ki, artıq hər iki tərəf özünü yaxşı aparmalıdı. Meydanda kim güclüdüsə, o da qalib gəlsin. Ancaq meydandan kənarda onlara sülh təklif edirəm. Meydanda deyil, meydandan kənar sülh təklif edirəm. 

– Böyükağa müəllim, bu matç öncəsi hansı klub böyüyüb, hansı kiçilib?

Futbol dəbdə olan paltar kimidi. Deyək ki, indi “Qarabağ” yaxşıdı, dünən “Neftçi” həddən artıq güclü idi, Ağasəlim Mircavadovun dönəmində “Xəzər Lənkəran” yaxşı idi və s. Bu gün saymadığımız komanda gələn mövsüm Azərbaycanın ən güclüsü ola bilər. 

– Lənkərandakı oyunda baş vermiş qalmaqal, eləcə də futbolçuların qırmızı vərəqə alaraq meydandan qovulması və s.. hamısı yadınızdadır. Hətta məşqdən öncə futbolçularla söhbətinizdə də bunu xatırlatdız. Bu oyunda Lənkərandakı qalmaqalın cavabını vermək niyyətindəsiz?

Dünya futbol praktikasına tez-tez nəzər salıram. Bir oyunda eyni xəttdən bu qədər futbolçunun qırmızı vərəqə alması görsənməyib. Əgər hər xəttdən bir oyunçu qırmızı vərəqə alsaydı, bu boşluqları doldurmaqda çətinlik çəkməzdim. Amma vəziyyətin belə olması komandanı tamamilə dəyişdi. Lənkərandakı oyundan sonra keçirdiyimiz görüşlərdə bunun acısını yaşadıq. “Xəzər Lənkəran” zəif rəqib deyil. Hazırda komandanın başında Mustafa Dənizli kimi ağsaqqal, savadlı məşqçi var. Gəlin, rəqibi kiçiltməyək. Onlar bu gün zəif oynaya bilərlər. Ancaq özünüz də bilirsiz ki, “Neftçi”yə qarşı necə mübarizə aparırlar.

– Son “Böyük oyun”da hər iki tərəfə xal lazım idi. Lakin bu dəfə hər şey fərqlidi. Sizcə bu amil “Böyük oyun”a “kölgə” salmayacaq?

Hər komandanın özünə seçdiyi bir rəqib var. Yəqin ki, “Neftçi” də “Xəzər Lənkəran”ın seçdiyi rəqibdi. Çünki bizimlə oyunlara həmişə tam başqa ab-havada hazırlaşırlar. Sabahkı oyun hər şeyi göstərəcək.

– Son Lənkəran səfərində “Mustafanın komandasını Bakıda 5:0 udmasam, gedərəm” – demişdiz. Sözünüzə əməl edəcəksiz?

Sabah oyundan sonra söhbət edərik. Görək hələ hesab necə qurtarır (gülür). “Xəzər Lənkəran” küçə komandası deyil ki… 

Səxavət


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43