Ölkə futbolu

Böyükağa Hacıyev: “Mahir artıq dağın zirvəsini görmüş adamdır”

Azərbaycan kubokunun final oyunundan sonra təşkil olunmuş mətbuat konfransında çıxış edən “Neftçi” klubunun baş məşqçisi oyun haqqında fikirlərini bildirib:

“Əsl final oyunu oldu. Çox gərgin oyun keçdi. “Qəbələ” güclü komandadır. Oyundan öncə də qeyd etmişdim ki, Azərbaycanda iki titul var – çempionluq və kubok. Çempion ola bilmədik, amma kuboku qazandıq. Komandamı təbrik edirəm. Mövsüm sonunda klubla müqaviləm başa çatır. Klubun prezidenti Sadıq Sadıqovla görüşəcəyik. Qalmağımı istəsə, qalacam, getməyimi istəsə, gedəcəm. Heç zaman qorxmamışam. Qorxaq məşqçi uğur qazana bilməz. Müvəffəqiyyət qazanmaq üçün risk eləmək lazımdır. Bu gün Məqsəd İsayev Mahir Şükürovu, Samir Məsimov da Araz Abdullayevi layiqincə əvəzlədi. Onlar istədiyim kimi çıxış etdilər. Mahir artıq dağın zirvəsini görmüş adamdır. O zirvədən aşağı düşür yavaş-yavaş. Məqsəd isə hələ o zirvəyə qalxmayıb. Onun məqsədi yuxarılara getməkdir. Mənə komandada heç kim etiraz edə bilməz. Komanda işçi briqada kimidir, mən də onların rəhbəriyəm. Erik Ramos Rəşad Sadıqov əvəzlənərkən meydanın mərkəzində tək qalmışdı. Ona görə bir az pis oldu. Mən də dedim ki, narahat olma. İndi ora futbolçu göndərəcəm. Cavid İmamverdiyevlə Denis Silvanı əvəzləyərkən hesabı qorumağı düşünürdüm. Çünki Syomin buraxılan qoldan sonra üç hücumçu ilə oynamağa başladı. Mən də onun  taktikasına uyğun olaraq meydana Denis Silvanı buraxıb mərkəzi gücləndirdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43