Kateqoriyasız

Braziliyalıların “Xəzər Lənkəran”da 75-ci qolu

Azərbaycan Premyer Liqasının X turu “Xəzər Lənkəran” üçün bir sıra məqamlarla əlamətdar olub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Sumqayıtda eyniadlı komanda ilə görüş cari mövsümün yubiley – 10-cu matçı olmaqla yanaşı, digər tərəfdən də yubileylərlə nəticələnib.

Belə ki, “ağ-yaşıllar” tarixində 80-ci səfər qələbəsini qazanıb. Bunların 64-ü çempionat, 15-i kubok, 1-i Avropa Liqası çərçivəsində olub. “Xəzər Lənkəran”ın hesabında 53 heç-heçə və 60 məğlubiyyət də var.

Komandada qol hesabını açan Fernando Qabriel “Xəzər Lənkəran” üçün qol vuran 12-ci braziliyalıdır. Digər 11 cənubi amerikalının hesabında 74 qol olduğundan “Sumqayıt”a vurulan top braziliyalıların 75-ci uğuru olub.

Bu qələbə ilə “Xəzər Lənkəran” səfərdəki uğursuz seriyanı qırıb. Rəqib meydanlarında keçirilən son 9, ümumilikdə isə 10 matçda qələbə qazanmayan komanda sonuncu dəfə də “Sumqayıt”a qalib gəlib. Bu il martın 16-da keçirilən səfər matçında “ağ-yaşıllar” 1 qolla qalib gəlib. “Xəzər Lənkəran” bu müddətdə rəqib meydanında 4 heç-heçə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43