Dünya futbolu

“Bu, Azərbaycan üçün böyük şansdır” – Nihat Kahveci

Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizə səfər edən Türkiyə yığmasının sabiq futbolçusu Nihat Kahveci fikirlərini bildirib.

39 yaşlı veteran hücumçu Avropa Liqasının final matçının Bakıda keçirilməsinin Azərbaycan adına böyük şans adlandırıb:

“Bildiyiniz kimi, Türkiyə milli komandasının sabiq futbolçusu olaraq, daha öncə də Bakıya gəlmişəm. Burada Azərbaycan yığmasına qarşı oynamışdıq. Səhv etmirəmsə, 7 il əvvəl idi. Hava limanından otelə gələnə qədər, ulduzlar matçına yollanarkən gördüm ki, Bakı inanılmaz dəyişib. Futbola yatırım olduğu üçün Avropa Liqasının finalı Bakıda reallaşacaq. Bu, böyük layihədi. Azərbaycan üçün böyük şansdı. “Napoli”, “Arsenal”, “Sevilya”, “İnter”, “Vilyarreal”, “Valensiya”, “Çelsi” kimi komandalar turnirdə mübarizə aparır. Sanki Çempionlar Liqasıdı. Həqiqətən də şanslısınız. Gözəl final olacaq. Prezident İlham Əliyevə, AFFA rəhbəri Rövnəq Abdullayevə təşəkkür edirəm, bizi çox gözəl qarşıladınız. Mən sizə Türkiyədən salamlar gətirmişəm. Burda olmaqdan sevinirəm”.

Nihat Türkiyə klublarının Avropa Liqasında uğursuz çıxış etdiyini bildirib və favortini açıqlayıb: “Təbii ki, könlümüzdən Türkiyə klublarının daha da irəli getməsini istəyirdik. Ancaq təəssüf ki, 1/8 finala yüksəlmədik. Favorit beş dəfə qalib olan “Sevilya”dı. “Napoli”, “Arsenal”, “Çelsi”, “Benfika” kimi komandalar var. “Napoli” güclü komandadı, finalda olacaqlarını düşünürəm”.

Sabiq futbolçu keçmiş komandası “Vilyarreal”ın turnirin finalına yüksəlməsinin çətin olduğunu vurğulayıb: “Vilyarreal”ın hədəfi La Liqada yerini qorumaqdı. Çünki çempionatda aşağı yerlərdə qərarlaşıblar. Avropa Liqasında bura qədər gəlmələri uğurdur. Ancaq finala gedəcəklərmi? Məncə, çətindir”.

Nihat “Ulduzlar Finalı”nda gözləriniz Darko Kovaçeviçi axtarırdı?” sualına belə cavab verib: “Mənə desəydilər, Kovaçeviçi gətirərdim. Mənim “Real Sosyedad”da çıxış etdiyim dönəmlərdə oyunlarımı Azərbaycanda da göstərirdilər. Hər kəs Kovaçeviç, Xabi Alonso və Karpindən danışır. Bu da məni xoşbəxt etdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43