Müsahibə

Bu gün vuruşduq, qolumuzu vurduq ancaq…

Vaqif Cavadov “Avro-2016″nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com sizə Vaqif Cavadovun müsahibəsini təqdim edir:

– Millimiz niyə məğlub oldu?

– Vuruşduq, mübarizə apardıq, amma səhv yol verdiyimizə görə qapımızda 2 qol gördük. Yaxşı oynadığımızı deyə bilərəm. Ancaq istəyimiz baş tutmadı. Meydançanın bərbad vəziyyətdə olması, eləcə də sona yaxın qol buraxmağımız həlledici oldu. 1:1 hesabı bu oyun üçün əla olardı.

– Öz oyununuzdan razı qaldınız?

– Oyunum haqda danışmaq istəmirəm. Kənardan hər şey daha yaxşı görünür.

– Hesab 1:1 olduqdan sonra sanki matçın heç-heçə bitməsinə çalışırdınız…

– Uşaqlar qələbə üçün əllərindən gələni etdilər. Ancaq meydançanın vəziyyəti pis idi. Bu da oyunumuza mənfi təsir göstərdi. Sanki ikiqat güc sərf edirdik. Amma bunu bəhanə etmək istəmirəm. Hər şeyi bununla bağlamaq düzgün olmaz. Sadəcə, iki ciddi səhvdən sonra toplar buraxdıq. Buna görə kimisə də qınamaq olmaz. Təbii ki, hər kəs öz oyununu təhlil edəcək. Lakin bu gün yığma komandamızın yaxşı oyun keçirdiyini vurğulamaq istəyirəm.

– Müdafiədə kobud səhvlərə yol verməyiniz nəyin nəticəsi idi?

– Futbol komanda oyunudu. Bir dəfə yaxşı, digərində zəif çıxış edə bilərik. Ancaq bu gün vuruşduq, qolumuzu vurduq. Yenə adəti üzrə sona yaxın top buraxdıq.

– Baş məşqçi 70-ci dəqiqədən sonra futbolçuların yorulduğunu dedi. Fiziki baxımdan hazır deyildiniz?

– Bunu baş məşqçi deyib, onun fikrinə müdaxilə etmək istəmirəm. Bayaq qeyd etdiyim kimi, meydançanın vəziyyətinin ağır olması bizi yordu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43