Ölkə futbolu

“Bu iş elədir ki, “əgər” sözü ilə danışmaq mümkün deyil”

Milli komandamızın bugünkü açıq məşqindən sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlər üçün brifinq keçirib.

– İlk öncə İsrail yığması ilə oyun haqqında fikirlərinizi söyləməyinizi istərdik.

– Bildiyiniz kimi, səfər oyunudur. Təbii ki, çətin matç olacaq. Çünki İsrail üçün həlledici oyun ola bilər. Ona görə də rəqib çalışacaq ki, 3 xalını qazansın. Bakıda bu millidən xal aldığımızı nəzərə alsaq, bu dəfə də xal qazana biləcəyimizə ümid edirik. Stadionun dolu olacağı gözlənilir. Ümumi hazırlıq yaxşı keçib. Bildiyiniz kimi, Azərbaycan çempionatı da başlayıb. Ona görə də fikirləşirəm ki, komandamız fiziki cəhətdən tam hazırdır. Ümumiyyətlə, bu səfər bizim üçün xüsusidir. Çünki bir gün əvvəl əsas milli, ayın 8-də isə U-21 oynayacaq. Hər iki komanda bir-birinə stadiondan dəstək verəcək.

– Rəhbərlik bu 2 oyundan ümumilikdə neçə xalla qayıtmağı istəyir?

– Təbii ki, Azərbaycana 3 xalla qayıtmağı arzulayardıq. Amma onu da anlayırıq ki, çətin mübarizə şəraitində keçən oyun olacaq. Bununla belə, komandalarımızın əllərindən gələni edəcəklərinə, maksimum xal qazanmağa çalışacaqlarına inanıram.

– U-21 millinin azarkeşləri arasında olacaq. Onlardan başqa, AFFA İsraildə yaşayan azərbaycanlıların stadiona gəlməsi üçün hansı işləri görüb?

– Biz 300 bilet artıq əldə etmişik. Bundan əlavə, AFFA-da olan məlumata görə, 1000 nəfərə yaxın Azərbaycandan İsrailə köçmüş həmyerlilərimizin stadiona gələcəyi gözlənilir.

– Əgər qarşıdakı 3 oyunda yaxşı nəticə qazanılsa, Berti Foqtsun yığmada qalıb-qalmayacağına təsir edə bilərmi?

– Bu iş elədir ki, “əgər” sözü ilə danışmaq mümkün deyil. Çünki hazırda Foqtsla müqaviləmiz var. İlin sonunda müqavilə sona çatandan sonra AFFA İcraiyyə Komitəsi bu haqda öz qərarını verəcək. Bu gün mənim bu məsələ ilə bağlı şəxsi fikrimi səsləndirməyim komitə üzvlərinə və komandaya qarşı təzyiq ola bilər. Ona görə də gəlin, səbir edək.

– Foqts Almaniya mətbuatına açıqlamasında bildirmişdi ki, mən AFFA ilə müqaviləmin müddətini uzatmayacağam…

– Bu, onun fikridir. Bu haqda onunla şəxsən söhbət edib müzakirə aparmamışıq. Mən də mətbuatdan belə bir fikir səsləndirdiyini oxumuşam. Yəqin ki, bu, onun fikridir. Ancaq hər şeyi gələcək göstərəcək.

– Eşitdiyimizə görə, AFFA prezidenti Rövnəq Abdullayev sonuncu dəfə milli üzvləri ilə görüşəndə səfərə çıxmazdan öncə futbolçulara yaxşı mükafat vəd edib. Bu nə dərəcədə doğrudur?

– Komandada yaxşı ab-hava var. Əslində milli pul üçün yox, Vətən, bayraq, Azərbaycan, azarkeşlər üçün oynamalıdır. Ona görə də mükafatla bağlı söhbət olmayıb. Ancaq təbii ki, komanda xal qazananda onlara pul mükafatı verilir. Mükafat vermək AFFA-nın borcudur. Son zamanlar komanda səfər oyunlarında inamlı futbol göstərir. Şimali İrlandiya və Rusiya ilə səfər oyunlarında son dəqiqələrdə top buraxmışıq. Bu da onu göstərir ki, səfərdə nə qədər çox yoldaşlıq görüşü təşkil etsək, bu da bir o qədər öz xeyrini verir.

– Foqtsun köməkçisi Olaf Yanssenin səfər öncəsi Almaniyanın “Dinamo” klubuna baş məşqçi təyin olunması gözlənilməz oldu?

– Bəli, o, Drezden klubundan təklif almışdı. İsrailə uçuşa bir neçə saat qalmış rəsmi təklif almışdı. Bu barədə bizə görüşüb məlumat vermişdi. Bizim onunla müqaviləmiz gündəlik əsasladır. Yəni, onun maaşı konkret təlim-məşq toplanışlarının sayına uyğun olaraq verilir. Təbii ki, onun gedişinə etiraz etmədik. Sevindirici haldır ki, Azərbaycan millisinin köməkçi məşqçisi Almaniya klubundan təklif alıb.

– Foqtsun digər köməkçisi olan Uli Ştaynla da müqavilə gündəlik əsasladır?

– Bəli, digər alman məşqçiləri ilə də müqavilələri bu əsasla bağlayırıq. Təbii ki, Berti Foqts, Bernhard Lippert və Nikolay Adam istisnadır.

– Rauf Mehdiyev də Aslan Kərimov kimi milli komandanın düşərgəsindədir. Mehdiyevi gələcəkdə formalaşdırılacaq yığmanın məşqçilər korpusunda görə bilərikmi?

– Bu təşəbbüs Uli Ştayn tərəfindən gəlib. Bir müddət qapıçılarla işləyən məşqçi kimi Faiq Əzizov və Etibar Tanrıverdiyev işlədi. İndi isə Rauf Mehdiyevə dəvət göndərilib. İstəyirik ki, o da gəlib təcrübə qazansın. Artıq o, məşqçilərin kursunda da iştirak edir. Təbii ki, milli ilə birgə hazırlıqlarda iştirak etmək gənc məşqçi üçün böyük təcrübədir. Mən buna çox müsbət baxıram.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43