Ölkə futbolu

“Bu matçdan sonra “Xəzər Lənkəran”ın nümayəndələri mənimlə görüşdülər”

“Qazaxıstana gələnədək çox ölkələrdə – Xorvatiya, Albaniya, Yunanıstan, Kipr, Azərbaycanda oynamışam. Özü də bu ölkələrin hər birində xüsusi, maraqlı bir şey vardı”.

Bu sözləri “Xəzər Lənkəran”ın sabiq futbolçusu Roberto Alviz deyib. Xorvatiyalı futbolçu “Xəzər Lənkəran”a gələnə qədər 2012-ci ilin qışında baxışda olduğu “Atırau”ya yalnız bu yay keçə bilib.

Cənub təmsilçisinin yollarını ayırdığı Alviz həmin vaxtı xatırlayıb: “İl yarım öncə “Atırau”dan dəvət aldım. Ancaq həmin vaxt Kiprdə komandalarının birinin üzvü idim. Türkiyədə təlim-məşq toplanışında “Xəzər Lənkəran”a qarşı oynayırdıq. Bu matçdan sonra klubun nümayəndələri mənimlə görüşdülər. Sonda müqavilə imzaladım, ancaq pul keçidimin əsas səbəbi deyildi. Bu dəfə özüm seçirdim, çünki azad agent idim. Həyat məni yenə “Atırau”ya qaytardı. İndi xoşbəxtəm ki, bu klubun heyətindəyəm”.

“Xəzər Lənkəran”ın  heyətində Premyer Liqamızın gümüş medalçısı olan Alviz Qazaxıstan və Azərbaycan çempionatları arasında belə müqayisə aparıb: “Onu deyə bilərəm ki, hər 2 ölkədə futbolun səviyyəsi ilbəil qalxır. Bu haqda öz təcrübəmə əsasən mühakimə yürüdürəm, çünki hər 2 ölkədə oynamışam. İki Qazaxıstan komandası qitə miqyaslı turnirlərdə son təsnifat mərhələsinə çıxıb. Hələ bir neçə il öncə heç kim inana bilməzdi ki, onlar Çempionlar Liqası və Avropa Liqasında qrupa çıxmaq uğrunda son mərhələdə çıxış edəcəklər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43