Ölkə futbolu

“Bu sanki bir yuxudur”

Bakıda təşkil olunan “Mançester Yunayted”in Yay Futbol Məktəbinin yekunları bəlli olub. İyunun 24-28-də AFFA-nın təşkilatçılığı ilə Bakıda keçirilən təlim-məşq toplanışının ən yaxşıları Mançester səfərindən geri dönüblər.

Səfər müddətində 6 gənc – Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Tamerlan Rizvanov, Xəyal Əliyev və Nigar Mirzəliyeva İngiltərəyə getmək, əfsanəvi “Old Trafford” stadionu, “Mançester Yunayted Futbol Məktəbi”, eləcə də komandanın təlim-məşq bazasını ziyarət etmək imkanı qazanıblar.

Qrupun yeganə xanım üzvü – Mirzəliyeva avqustun 3-dən 10-dək Mançesterdə yeniyetmə qız futbolçular üçün təşkil olunan təlim-məşq toplanışına da qatılıb.

Avqustun 10-dan başlayan Mançester səfəri zamanı gənc futbolçularımız “Mançester Yunayted” Futbol Məktəbinin bu şəhərdəki Denston kollecində baş tutan təlim-məşq toplanışlarına qatılıb. Təmsilçilərimizdən biri – Tamerlan Rizvanov “Mançester Yunayted” Futbol Məktəbinin Dünya Bacarıqlar Finalına vəsiqə qazanıb. İstedad Böyük Britaniya və dünya üzrə məktəbin digər kurslarının qalibləri ilə bacarıqlar yarışmasında özünü sınayacaq.

Tamerlan AFFA-nın rəsmi saytına açıqlamasında baş verənləri yuxuya bənzədib: “Bu sanki bir yuxudur və mən hələ də bütün bunların baş verdiyinə inanana bilmirəm. AFFA-ya, bir sözlə, bu layihəni həyata keçirən və bizlərə inanan hər kəsə çox sağ ol deyirəm. Etimadınızı doğrultmaq üçün əlimdən gələni edəcəyəm”.

AFFA-nın baş katibi Elxan Məmmədov da layihə ilə bağlı fikirlərini açıqlayıb: “AFFA-nın əməkdaşlığı ilə həyata keçirilən layihəni əminliklə uğurlu adlandırmaq olar. Qısa zaman kəsiyində kifayət qədər diqqətçəkən işlər görülüb. Bu ilin iyun ayından etibarən müxtəlif regionlarda, həmçinin paytaxt Bakıda seçim turları təşkil olundu. Bu layihəyə öz töhfəsini verən “Mançester Yunayted” Yay Futbol Məktəbinin məşqçilərinin rəhbərliyi ilə təlim-məşq toplanışı keçirildi. Bu prosesdə seçilən uşaqlar artıq Mançester şəhərinə səfər edib, “Mançester Yunayted” Yay Futbol Məktəbində toplanışda olublar. Hesab edirəm ki, kiçik yaşlarından bu seleksiya prosesində və təlim-məşq toplanışında iştirak etmələri həmin uşaqların futbola daha da maraqla yanaşmasına, bu idman növü ilə gələcəkdə peşəkar şəkildə məşğul olmasına zəmin yaradacaq”.

Mənbə: affa.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43