Kateqoriyasız

“Bu suala cavab vermək çox asandı” – Yurçeviç

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində sabah Macarıstanla keçiriləcək matçdan öncə jurnalistlərin suallarını cavablandırıb.

-Qapını Səlahət Ağayevə tapşıracağınıza işarə vurmuşdunuz. Emil Balayev yaxşı formada olarkən niyə məhz Səlahətə üstünlük verirsiniz?

– Bu suala cavab vermək çox asandır. Səlahət ilk görüşü yüksək səviyyədə keçirmişdi. Emil də yaxşı qapıçıdır. Amma Səlahətə güvənirik.

– U-21 millimizin dünən seçmə mərhələ çərçivəsində Lixtenşteynə məğlubiyyəti sizə necə təsir etdi?

– Sabahkı oyunumuza bunun təsiri olmayacaq. Mənim üçün ağır məğlubiyyət oldu. Erkən qol futbolçulara mənfi təsir etdi. Amma ümumilikdə komanda oyunu yüksək səviyyədə keçirdi. Topa daha çox sahib idi. U-21 komandamız yaxşı oyunçulara malikdir. Onların gələcəkdə uğurlu çıxış edəcəyinə inanıram.

– Macarıstan hücum futbolu oynayan komandadır. İlk dəqiqələrdə qol buraxsanız, bunun əvəzini çıxmaq nə dərəcədə mümkün olacaq?

– Futbolda hər şey mümkündür. Əlbəttə, qol buraxa bilərik. Amma istərdim pozitiv düşünüm. Sabah yaxşı oyun sərgiləməyə çalışacağıq. İlk qolu buraxsaq, bunun əvəzini çıxmaq üçün əlimizdən gələni edəcəyik.

– Xorvatiya ilə görüşdə millimizin itirəcəyi heç nə yox idi və bu, yaxşı oyun sərgiləməyimizə səbəb oldu. Sabahkı qarşılaşmadan isə hər kəs qələbə gözləyir. Bu amil sizin və oyunçuların üzərində təzyiq yaratmır?

– Əlbəttə, fərqli oyunlardır. Xorvatiya ilə matçdan razı qalmışdım. Komanda kompakt şəkildə çıxış etdi. Sabah evdə oynayacağıq və daha çox hücum etməyə çalışacağıq. Balanslı oyunla çox qol şansları gözləyirəm.

– Start heyətini müəyyənləşdirmisinizmi?

– Xeyr. Çünki yekun qərarı verməmişəm. Həll etməli olduğum bəzi məsələlər var. Xorvatiya ilə oyundakı heyətin 8-9 üzvü meydanda ola bilər.

– Dediniz ki, U-21 yığması düzgün yoldadır. Sizcə, məğlubiyyət düzgün yol deməkdir?

– Məğlubiyyətdən də müsbət məqamlar çıxarmaq olar. Hansı ki, bu gələcəkdə xeyirli ola bilər.

– Macarıstan Bakıya 3 xal üçün gəlir…

– Macarıstan çox güclü komandadır. Bir neçə oyunçuları Bundesliqada çıxış edir. Rəqibə hörmətlə yanaşırıq. Sabah müdafiədə oturmayacağıq. Müdafiə ilə hücum arasında balans yaratmağa çalışacağıq. Müdafiədə Xorvatiyaya qarşı olduğu kimi oynayacağıq. Eyni zamanda hücumda da kəsərli olmaq istəyirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43