Müsahibə

“Buna görə Mahirə iradımı bildirdim” – Rəşad Sadıqov

Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qarabağ” səfərdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərə müsahibə verib. 

– Maraqlı matç alındı. Səfərdə “Sumqayıt”dan üstün oynayacağımızı gözləmirdim. Demək olar ki, 90 dəqiqə oyuna nəzarət etdik. Rəqibin qapımıza vurduğu ikinci zərbəsi yadıma gəlmir. 1 zərbə oldu, o da qolla nəticələndi. Futbolçular yaxşı oynadılar. Oyunun təşkilatçılığı da yaxşı idi. Belə görüşdə çoxlu hücumlar qurduq. Qolla nəticələnmədi. Rəqibin isə bir zərbəsi qolla nəticələnirsə, 1 xal pis nəticə deyil.

– Şansızlıq “Qarabağ”ın 3 xal qazanmağına mane oldu?

– Qol şanslarımız da çox oldu. Oyunun əvvəllərində də bu epizodlardan yararlana bilmədik.

– Azarkeşlə dialoqun oldu. Bu nə ilə bağlı idi? Söyüş söydülər?

– Xeyr, söyüş yox idi. Sadəcə söz dedi. Mən də ona fikrimi bildirdim.

– Bir epizodda Ehtiram Şahverdiyev yararlana bilmədi. Digərində isə qol qeydə alınmadı. Sən də qeyd etdin ki, rəqibin cəmi 1 qol epizdo olub…

– Qapıya 1 zərbə olub. Qol epizodun isə bilmirəm. Mənə də maraqlıdır. Oyunun əvvəlində Ehtiram Şahverdiyevin qol epizodu oldu. İstifadə edə bilmədi. Ümumi götürsək, qapıya 1 zərbə oldu.

– 36 yaşlı Rəşad Sadıqov Azərbaycan çempionatında gəzə-gəzə oynayır. Qəbul eləməsən də, bu belədir. Azərbaycan çempionatının səviyyəsi aşağıdır. Yoxsa Rəşad Sadıqov o səviyydədir ki, bu yaşda yaxşı oynayır?

– Özüm haqda nəsə şərh etməyim düzgün olmaz. Çempionatımız gərgin keçir. Komandalar çox mübarizə aparırlar. Hiss olunur ki, komandalar ikinci dövrədə daha da güclənib.

– Meydanda baş məşqçisi olduğun 3 futbolçuya qarşı oynadın. Bu necə bir hissdir? Onlar bəzi epizodlarda səndən çəkinirdilər.

– O futbolçularla rastlaşdığımı xatırlamıram. Mən daha çox Amil Yunanov və Cavid İmamverdiyevlə mübarizə aparırdım. Özümə qarşı güzəşt hiss etmədim. Bu, çox normal hissdir. Heyət açıqlananda onların adların gördüyüm üçün çox sevindim. Ehtiram əsas heyətdə oynayırdı. Bu gün isə həm Bəhlul, həm də Xəyalın oynaması məni sevindirdi. “Sumqayıt” kimi komandada 21 yaşlılardan ibarət millidən 3 futbolçu çıxış edir.

– Onların oyunları sizi qane etdi?

– Yaxşı mübarizə apardılar. Özlərin yaxşı tərəfdən göstərə bildilər.

– Amil Yunannovun da milli komandada oynaması müzakirə olunur. Bu gün də qol vurdu. O özün sübut edə bildimi?

– Amil yaxşı futbolçudur. Ötən illərdə də yaxşı oynayıb. Düşünürəm ki, bir balaca da “artırsa”, Qurban müəllimin diqqətini cəlb edəcək. Diqqətində olan futbolçudur. Onun geniş siyahısı var. Həmin siyahıda Amil də var. Çempionatımızda yaxşı hücumçulardan biridir. Son dönəmlərdə Samir Abasov da ondan şikayət edir. Hər bir şey futbolçunun özündən asılıdır. Hər bir məşqçi istəyər ki, ən yaxşı oyunçulardan istifadə etsin. Nəticələrə məşqçi məsuliyyət daşıyır. Məşqçi də istəyir ki, nəticə yaxşı olsun. Çalışdırıcı belə şey fikirləşmir ki, bunu yox, o biri futbolçunu götürürəm. Mən də məşqçiliyə başlamışam. İstəyirsən ki, ən yaxşı kimdirsə, o oynasın. Doğma oğlun da olsa, onu qırağa qoyursan. Başqasın oynadırsan ki, təki nəticə olsun. Fikirləşirəm ki, Amil və digər yerli futbolçular əzmkarlıq göstərməlidirlər. Milliyə düşmək üçün mübarizə aparmalıdırlar. Çünki hər birinin şansı var. Mən Qurban müəllimi yaxşı tanıyıram. Bilirəm ki, hər birinin şansı var.

– Sanki Mahir Mədətov qış vasiləsindən sonra əvvəlki kimi oynamır. Bu gün də çox zəif çıxış etdi. Epizodlarda da ona etiraz edirdin. O tək bu yükü daşıya bilmir, yoxsa başqa səbəblər var?

– Mahir hələ cavandır. Ona təcrübəli olmaq üçün illər lazımdır. Ustalığı daha da artmalıdır. Bu gün “Qarabağ”da hücumçu kimi oynamaq məsuliyyətli işdir. Bu hər futbolçunun işi deyil. Mahir daha yaxşı formada olmalıdır. Mən özüm də o fikirdəyəm. Çalışır və mübarizə aparır. Məşqlərdə də öz üzərində işləyir. “Qarabağ”da öndə oynamaq üçün daha çox şey lazımdır. Daha çox solda çıxış edirdi. Onun da təsiri var. Özünü fərqli hiss edir. Cinahda daha çox driblinq etmək şansı olurdu. Mən də bir epizodda ona iradımı bildirdim. Başqa iradım olmadı.

– “Qarabağ”ın 19 yaşlılardan ibarət komandasının baş məşqçisisən. “Sumqayıt”la oyun təxirə salındı. Deyilənə görə bu sizə görə təxirə düşüb.

– Biz iki dəfə təklif etdik. Rəqib oynamaq istəmədi. Mən də onları başa düşürəm. Bu oyun ÇL-ə görə təxirə düşdü. Sonra biz vaxt təşkil elədik. “Sumqayıt”ın əvəzedicilərlə oyunu oldu. Bu da normal haldır. Bu həftə növbəti tur üçün oynayacağıq. Bunun mənimlə heç bir əlaqəsi yoxdur. Təxirə salınmış oyunda iki komanda da razı olmalıdır. Biz də elə edək ki, hər ikimizə uyğun olsun. Bizimlə bağlı problem yoxdur.

– Qış fasiləsindən sonra “Qarabağ” 3 qol vurub. Bu nə ilə bağlıdır?

– Mən həmişə futbolu qolla qiymətləndirmirəm. Biz futbolu qol və nəticə ilə qiymətləndiririk. Bu gün pis oynayıb iki qol vura bilərdik. Əminəm ki, çoxları deyəcək ki, “Qarabağ” yaxşı formadadır. Bu gün “Sumqayıt”la səfərdə belə futbol oynadıq. Bu, mənim üçün çox önəmlidir. Qol da vurduq. Bəzi epizodlardan yararlana bilmədik. Bu isə futbolda olan hallardır. Bu məsələnin texniki tərəfidir. Güclü klublar da qol şanslarından istifadə edə bilmirlər. Bu normaldır. 4 oyunda qol epizodlarımız çox olub. Amma istifadə edə bilməmişik. Bu əvvəllərdə bizim komandada olub. Biz o epizodlara görə ÇL-in qrupundan da kənarda qalmışıq. Ötən mövsüm ikinci dövrəyə çox pis başladıq. Çoxlu xallar itirirdik. Belə hallarla rastlamışıq. Rəqiblər də güclüdür. “Sumqayıt” və “Kəpəz” çox yaxşı müdafiə olunurdu. Digər klubları da misal göstərmək olar. Hər zaman ikinci dövrə birincidən yaxşı keçir. Komandalar istəkli olur. Özlərin yaxşı tərəfdən göstərmək istəyirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43