Müsahibə

“Buna görə “Xəzər Lənkəran”a qayıtdım” (MÜSAHİBƏ)

“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlının İdmanxeber.com-a müsahibəsi.

– Orxan, XL-dən ayrılıb “Rəvan”a üz tutdun. 4 gün keçmədi yenidən Lənkəran klubuna qayıtdın. Səbəb nə oldu?

Düzdü, “Rəvan”la məşqə çıxsam da müqavilə bağlamamışdım.  Daha sonra “Xəzər Lənkəran” klubu tərəfindən mənə zəng olundu və dedilər ki, “səni geri qaytarmaq istəyirik”. Mən də doğma komandama qayıtmağı düşündüm. Çünki hər şeyi burada öyrənmişəm, burada futbolçu olmuşam. “Rəvan” rəhbərliyinə və məşqçi heyətinə öz dərin təşəkkürümü bildirirəm ki, məni başa düşüb, halallıq verdilər. Çünki onlarla 4 gün məşq eləmişdim. Halallıq aldım və qayıtdım.

– Hazırda XL heç də yaxşı durumda deyil, yaxşı günlərini yaşamır…

Klubun yaxşı günlərini qaytarmaq üçün əl-ələ verməliyik. İnşAllah o günlər qayıdacaq. Anladım ki, burada sevilirəm, istənilirəm, ən çox buna görə qayıtdım.

– Ancaq bəzi futbolçular komandanı bu durumda qoyub getdilər. Səncə onların bu addımı düz idi?

Bu futboldu, bu gün burdasan, sabah başqa klubda. Bilmək olmur… Gedən qardaşlarıma da uğur arzulayıram.

– Komanda fasilədə cəmi 1 yoxlama oyununda qüvvəsini sınadı. Səncə, komanda mövsümün ikinci yarısına hazırdımı?

Düzdü, az məşq eləmişik. Həm hava şəraiti məşq etməyimizə mane olurdu, həm də bəzi səbəblər var idi… İndi biz 30-40 faiz hazırıq. Ancaq 3-4 tur sonra komanda tam hazır durumda olacaq.

– Heyətiniz də geniş deyil. Komanda iki cəbhədə mübarizə apara biləcəkmi?

Heyətimiz kasaddı, futbolçulara ehtiyacımız var. Ancaq indi futbolçu tapmaq çətindi. Əldə olan heyətlə mövsümü başa vurmalıyıq. Çətin olacaq, ancaq bir-birimizi qoruyaraq bu durumdan çıxa bilərik.  Kubokda şansımız var. Ancaq etiraf edim kmi, çox ağır olacaq. Ancaq mübarizə aparıb nə isə əldə etmək olar.

– Sabah “Rəvan”la qarşılaşacaqsınız. Paytaxt komandasında da vəziyyət ürəkaçan deyil. Nə gözləyirsən sabahkı matçdan?

Birincisi öz meydanımızda oynayacağıq və “Xəzər Lənkəran”a layiq mübarizə aparacağıq. Düzdü, “Rəvan”da da vəziyyət yaxşı deyil. Ancaq onların futbolçuları bizimkilərdən daha təcrübəlidi. Çalışacağıq ki, qələbə qazanaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43