İdman

“Bundan pis nəsə ola bilməz” – “Neftçi”nin qapıçısı

“Neftçi”nin qolkiperi Kreşvan Santini Topaz Premyer Liqasının 4-cü turunda  “Qəbələ” ilə oyundan (0:8) sonra jurnalistlərin suallarını cavablandırıb.

– Oyun barədə fikirlərini bildirərdin.

– Bilmirəm nə deyim. Bu oyun əsl müsibət idi. Karyeramın ən pis oyunu adlandıra bilərəm bunu. Mən həm öz adımdan, həm də komanda adından bütün azarkeşlərdən və “Neftçi”sevərlərdən üzr istəyirəm. Peşəkar futbolçunun öz işinə bu cür yanaşması qəbulolunan hal deyil. İkinci qola görə mən yenə də üzr istəyirəm. Fasilədə bu barədə komanda yoldaşlarıma da dedim. Düşünürəm ki, biz böhranın lap dibindəyik. Artıq bundan pis nəsə ola bilməz. Artıq bir yol var ki, o da yuxarı doğru hərəkət etməkdir.

– İlk hissədən sonra niyə əvəzolundunuz?

– Mən ikinci hissəyə psixoloji olaraq hazır idim, ancaq bu, baş məşqçinin qərarı idi.

– “Neftçi” tarixinin ən pis dönəmini yaşayır. Rəhbərlik də dedi ki, komandada köklü islahatlar olacaq. Siz legioner olaraq 4 oyunda 3 məğlubiyyətdən sonra qarşılıqlı razılaşma ilə, heç bir məvacib almadan klubdan gedərsiniz?

– Bu, çox ağır sualdır. Bu cür oyundan sonra isti-isti nəsə deyə bilmərəm. Mənim bu komandada ilk ilimdi. Azarkeşlərlə klub rəhbərliyi arasında problemin nədən qaynaqlandığını bilmirəm. Öz adımdan onu deyə bilərəm ki, bu vəziyyətdən çıxmağa çalışacağıq. Həm də indi elə bir vaxtdır ki, biz getsək də başqa komandada oynaya bilmərik. Ən yaxşı halda qışa qədər gözləməliyik. Ancaq yenə də deyirəm ki, ilk öncə çalışıb bu vəziyyətdən çıxmaq lazımdır.

– Hesabın belə olmasında baş məşqçinin yoxluğunun rolu vardı?

– Belə bir məğlubiyyət üçün bu, səbəb ola bilməz. Vəli müəllim haqqında xəbəri oyuna iki saat qalmış bildik. Komanda üçün şok effekti yaratdı, ancaq məğlubiyyətə səbəb kimi göstərilə bilməz. Vəli müəllimi sevindirmək istəsək də, alınmadı. Bizim bu cür oynamağımızı xəstəxanada eşidən baş məşqçidən üzr istəyirəm. Söz tapa bilmirəm. Biz bu gün onun etimadını və güvənini itirdik.

Mənbə: Qol.az



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43