Müsahibə

“Bunu ciddi uğur saymıram” – Noyabr ayının ən yaxşı futbolçusu (MÜSAHİBƏ)

Bu gün I Divizionun XIV turdan təxirə salınmış “Ağsu” – “Bakılı” matçı keçiriləcək.

Matçdan öncə “Bakılı”nın futbolçusu və noyabr ayının ən yaxşı qolunun müəllifi Nurlan Məmmədzadə İdmanxeber.com saytına müsahibə verib.

– Bu gün I Divizionun ən güclü komandalarından biri ilə qarşılaşacaqsız. Bu oyun barədə fikirlərinizi bilmək maraqlı olardı…

– Sözün açığı, birinci divizonda elə də güclü komanda görmürəm. Amma ola bilər ki, hansısa klub maddi imkanlarına, bazasına görə daha güclü olsun və daha yaxşı oynasın. Demək olar ki, bütün klublar eyni səviyyədədir. Çünki bura birinci divizondur.

– Noyabr ayında ən yaxşı qol sənin vurduğun qol oldu. Bunu gözləyirdinmi?

– Fikrimcə, ən yaxşı qol Ruslan Tağızadənin və mənim qolum idi. Amma onun qolu yaxın məsafədən olduğu üçün mən qalib oldum. Ümumiyyətlə, ən yaxşı qol elə ikimizin vurduğu idi.

– Autsayder komandada gözə çarpmaq yaqin ki, çətin olur. Bunu uğurun kimi sayırsan?

– Elə də ciddi uğur saymıram. 17 yaşlı futbolçular var ki, dünya çempionatında oynayır. Bax, uğur odur. Buna baxmayaraq, mənim üçün sevindirici haldır.

– PFL sabah sizə mükafatı təqdim edəcək. Alacğın pulu hara xərcləməyi düşünürsən?

– Çek verəcəklər. Bakıya döndükdən sonra isə pulu verəcəklər. Evə verəcəm pulu.Nə vaxta qədər evdən alacağam, arada evə də vermək lazımdır (gülür).

– “Bakılı”nın adı tez-tez oyun alqı-satqısında hallanır. Bu barədə nə deyərdin?

– Mən “Bakı” futbol klubunun yetirməsiyəm. Hamı bilir ki, necə bir insanam. Ola bilər ki, elə bir hal baş versin, amma mənim bu işlərdən xəbərim yoxdur. Mən komandanın əsas oyunçusuyam, amma xəbərim yoxdur belə bir şeydən. Mənim işim futbol oynamaqdır. 55 yaşlı atam hər oyunumu stadiondan izləyir. Əgər belə bir şey olacaqsa, mən etmərəm bunu. Çünki bu, mənə baxanlara hörmətsizlik kimi çıxır.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43