Müsahibə Ölkə futbolu

“Bunun üçün hər şeyi edəcəyik” – “Səbail”in kapitanı

“Səbail”in kapitanı Rahid Əmirquliyevin idmanxeber.az saytına müsahibəsi

-“Sabah” oyununda komanda böyükhesablı məğlubiyyət yaşadı. Görüş barədə fikirlərin maraqlıdır…

-Onlarla çətin oyun keçəcəyini bilirdik. Çünki “Sabah” ikinci dövrədə performansı ilə bunu xəbər edirdi. Komanda çempionluğa oynayır. Fasilədən sonra da yaxşı başlayıblar. İstər nəticə, istərsə də oyun olaraq çox yaxşı təsir bağışlayırlar. Bilirdik ki, ağır olacaq. Yaxşı hazırlanmışdıq. Xal qazanmaq istəyirdik. Bizim də çempionatda vəziyyətimiz pisdir. Təəssüf ki, məğlub olduq. 10-cu dəqiqədə hesab artıq 2:0 idi. Bu oyunda geridönüş eləmək çox çətin məsələdir. Qolları öz səhvimizdən buraxdıq. Yenə də ikinci hissə pis çıxış etmədik. Ancaq ümumən nəticə bizi qane etmədi. Çempionatda ağır məğlubiyyət aldıq.

-Karyeranda ilk dəfədir ki, çempionat oyununda “qırmızı” aldın. Bununla bağlı nə deyə bilərsən…

-Həmişə çalışırdım ki, meydandan qovulmayım, komandamı pis vəziyyətdə qoymayım. Təəssüflər olsun ki, bu səfər bacarmadım. Ancaq futbolda belə hallar olur, qaçınılmazdır.

-“Səbail”də baş məşqçi dəyişikliyi olsa da, ümumən komandanın çıxışı düzəlmir. Səncə, problem nədir?

-Yeni baş məşqçi ilə fasilədən sonra üç oyunda cəmi 3 xal qazanmışıq. Bu, uğurlu nəticə deyil. Ancaq dəfələrlə demişəm ki, bizim yaxşı komandamız var. Hələ qarşıda oyunlar çoxdur. Bu vəziyyətdən çıxa bilərik. Qalan görüşlərdə istədiyimiz nəticəni qazanıb, bu durumdan çıxmağı düşünürük.

-Turnir cədvəlində sonuncu pillədə olmağınız sizə əlavə təzyiq yaradır?

-Bəli, sonuncu pillədəyik. Ancaq turnir cədvəlinə baxsaq, yuxarıdakı komandalarla aramızda xal fərqi elə də çox deyil. Bunun öhdəsindən gələ bilərik. Qarşıda hələ çox oyunlar var. Buradan qurtula biləcək heyətə sahibik. Belə potensialımız var. Bütün oyunlarda maksimum nəticə qazanmalıyıq. Bunun üçün hər şeyi edəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43