Milli komanda

“Bütün rəqiblər bizdən bir baş üstündü” – Təmkin Xəlilzadə

Azərbaycan millisinin üzvü Tımkin Xəlilzadə Litva ilə yoldaşlıq oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. 25 yaşlı cinah oyunçusu öncə oyunu şərh edib:

– Yoldaşlıq görüşü olsa da, rəsmi matç kimi hazırlaşmışdıq. Məncə, qələbə qazanmağımız üçün son nöqtəni qoymaq çatmadı. Hər şey edirdik, lakin sonluq alınmırdı. Rəqibdən 90 dəqiqə üstün oynadıq. Təəssüf ki, qalib gələ bilmədik.

– Hər iki komandanın futbolçuları aqressiv idi. Sanki yoldaşlıq yox, seçmə mərhələ oyunu idi.
– Rəqibin aqressiv olmağının səbəbini bilmirəm. Biz qalib gəlmək üçün aqressiv idik. Qələbə üçün alışıb-yanırdıq. Buna görə də yəqin ki, aqressiv idik. Uşaqlarla qələbəyə söz vermişdik.

– Dünən Macarıstan Xorvatiyanı 2:1 hesabı ilə məğlub etdi. Bunu sensasiya adlandırmaq olar?
– Çox çətin qrupa düşmüşük. Bütün rəqiblər bizdən bir baş üstündü. Lakin Xorvatiyaya 1:2 hesablı məğluniyyətdən sonra xalq, media bizdən daha artığını gözləyir. Buna haqları da var. Ancaq bizi də başa düşsələr, yaxşı olar. Mən deyərdim ki, Xorvatiyaya məğlubiyyətimiz son illərdə milli adına ən yaxşı nəticəmiz idi. Slovakiya və Macarıstanla oyunlarda əlimizdən gələni edəcəyik.

– Macarıstan Xorvatiyaya qalib gəldi. Azərbaycan millisinin uğurlu adlandırdığın nəticəsi xorvatların zəif oyunu ilə əlaqələndirilməlidi.
– Mən belə deməzdim. Xorvatlar bizimlə oyunda əziyyət çəkdilər və qələbəni asan şəkildə qazanmadılar. Dünən macarlar da aqressiv idi. Bu da o deməkdi ki, qrupda gərgin mübarizə gedəcək. Bizə kiçik ölkə kimi baxıb, 6 xal qazanacaqlarını düşünə bilərlər. Biz də göstərəcəyik ki, əl-qolumuzu sallamağa çıxmayacağıq. Bütün oyunlarda rəqiblərimizi büdrətməyə çalışacağıq.

– Qrupun zəifi bizik?
– Reallıqla baxsaq, əlbəttə. Onlar bizdən birbaş üstündülər. İndi futbolda hər şey mükündü. Hamı mübarizə aparır. San-Marino Şotlandiyaya 0:2 hesabı ilə uduzursa, biz niyə rəqiblərdən xal almayaq? Vaxtımız var, hazırlaşacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43