Müsahibə Ölkə futbolu

“Cəsarətimizi hakimlərə yox, rəqiblərə göstəririk” – Aftandil Hacıyev

“Səbail” komandasının baş məşqçisi Aftandil Hacıyev İdmanxeber.az-a müsahibə verib

-Son turlardakı uğurlu çıxışı komandada form yüksəkliyi kimi adlandırmaq olar ?

-Yayda yaxşı hazırlıq keçə bilməmişdik. Qış hazırlığını daha yaxşı keçirməliydik. Onun üçün yoxlama oyunlarında elə rəqiblər seçdik ki, bizdən daha üstün olsunlar. Oyunçular çalışırlar və bunun bəhrəsini görürük. Bundan sonrakı oyunlar barəsində indidən danışa bilmərik. Ancaq qış hazırlığını istənilən səviyyədə keçirmişik.

-İlk dövrədə komandanın bəlli bir hədəfi olmadığını demişdiniz. Bu sözünüz mətbuatda birmənalı qarşılanmamışdı…

-Mən o mənada deməmişdim ki, biz hədəfsiz komandayıq. Ola bilsin, yanlış anlayıblar. Sadəcə olaraq bizim hədəfimiz çox şişirdilirdi. Mənim qarşıma sonuncu yeri tutmamaq qoyulub. Ancaq bu, o demək deyil ki, biz yuxarı pilləyə oynamamalıyıq. Mən sadəcə bizim hədəfimizi şişirdənlərə cavab verirdim ki, özünüz dediyiniz hədəfləri bizim qarşımıza qoymayın. Təbii ki, hər futbolçunun, məşqçinin bəlli bir hədəfi olmasa, inkişaf edə bilməz. Bizim ilk gündən rəhbərliklə olan görüşümüzdə qarşımıza qoyulan məqsəd Premyer Liqada qalmaq olub.

-Qış fasiləsində Elvin Yunuszadə, İriberri  kimi oyunçular heyətə qoşuldu. Yeni transferlər komandaya nə kimi fayda verir ?

-Ümumiyyətlə, biz yayda sıfırdan bir komanda qurmağa başladıq. Mən komandanı götürəndə ötən mövsümdən 5-6 futbolçu saxlamışdıq. Yeni bir heyət qurmalıydıq. Yeni heyətdə yerli futbolçular ındaha çox olması çox çətin idi. Bəziləri ölkə futbolunda müəyyən bir ada sahib olsalar da, son vaxtlar ehtiyat skamyasında oturanlar idi. Qışda istədyimiz futbolçuları transfrer etmək olduqca çətindir. Məsələn, heyətə cəlb etdiyimiz Elvin Yunuszadə 6-7 aydır futbol oynamır. İstəyirdik ki, yeri futbolçularımız daha təcrübəli oyunçular olsunlar. Çox yüksək formda olmasalar da, çalışımışıq onlardan maksimum istifadə edək.

-Bu il texniki məğlubiyyətlərdən 6 xal qazanmısınız…

-İlk öncə onu deyim ki, hər kəs istər TV-də, istər saytlarda bizim 6 xal qazandığımızı deyir. Əvvəla bu 6 xal deyil, 5 xaldı. Bu oyunların birində biz “Zirə” ilə heç-heçə etmişdik. O bir xalı nədənsə hər kəs unudur. Bu xalları qazamağımız bizim səhvmiz deyil. Düşünmürəm ki, o xallara görə biz rəqiblərimizlə mübarizə aparırıq. Biz indiyə kimi layiqli qələbələr qazanmışıq. Texniki qələbələr bizim gücümüzü nə azaldıb, nə də çoxaldıb.

-Bir dəfə qış fasiləsində klub rəhbərliyinin sizi istefaya göndərəcəyi barədə xəbərlər yazılmışdı. Ümumiyyətlə, mətbuatda sizə qarşı olan bir güvənsizlik var. Özünüzə qaşı haqqsızlıq olduğunu düşünürsünüz ?

-Bilirsiniz, mətbuatda çalışan hər kəsə böyük hörmətim var. Hər sahədə olduğu kimi, burda da ədalətli və qərəzli mövqe tutanlar olur. Bunlara qiymət vermək istəmirəm. Hər kəs öz işini yaxşı bilir. Bizim qarşımıza düşən hədəf çalışmaq, vicdanla işləməkdir. Mənim də vəzifəm budur. Heç bir yazıya fikir də vermirəm. Tərif də, tənqid də ola bilər. Bütün saytları oxuyuram desəm, yalan olar. Müəyyən reytinqli saytları izləyirəm. Bəzi saytlar var ki, onlar qərəzli mövqelər tutur. Bu cür saytlardan uzaq oluram. Çünki bunlar mənim işimə mənfi təsir edə bilər. Hazırda mən rəhbərlikdən, onlardan mənim işimdən razıdırlar.

-Bəzən “Səbail”in əleyhinə hakim səhvləri olsa da, hakimlər haqda çox sərt danışmırsınız. Buna cəsarətiniz çatmır, yoxsa necə ?

-Bizim hakimlərdən ciddi bir narazılığımız yoxdur. Olanda da bildiririk. Mən çalışıram bunları emosional şəkildə etməyim. Bu da mənim xarakterimdən irəli gəlir. Çalışırıq ki, uğursuzluqlar olanda hakimlərdə yox, özümüzdə səhvlər axtaraq. Hakimlərdə axtarılan səhvlər bizə heç bir nəticə verməyəcək. Biz cəsarətimizi hakimlərə yox, rəqiblərə göstəririk.

-Bu tur “Sumqayıt”la qarşılaşırsınız. “Sabah” və “Neftçi” matçlarından sonra  son turlarda uğursuz çıxış edən bu komandaya qarşı oyunun daha asan keçəcəyini deyə bilərik ?

-Asan keçəcəyini düşünmürəm. Builki çempionat çox maraqlıdır. “Qarabağ” və “Neftçi”dən başqa hamının gücü bir-birinə yaxındır. Hazırda 3-cü pillədə olsaq da, bu oyunun necə keçəcəyini demək olmur. Xatırlayırsınızsa, ikinci dövrədə Sumqayıtda məğlub olmuşduq. Ayxan Abbasov gələndən sonra bu komandanın bəli bir dəsti-xətti var. Qış fasiləsindən sonra uğursuz başlasalar da, hazırda onlar yaralı aslana bənzəyirlər. Onlar da bu oyuna dönüş kimi baxacaqlar.

-Komandanın kapitanı Eltun Yaqublunun durumu necədir ? Son oyunda oyunçunun adı iştirak ərizəsinə daxil edilmişdi…

-Eltun komanda ilə məşqlərə qatılır. “Neftçi” ilə oyunda onun ehtiyat skamyasında olmasını istıdim. O, bizim kapitanımızdır. Təcrübəli oyunçulara ehtiyacımız var. Ancaq onu hələ risk etmk olmaz. Yaxşıya doğru irəliləsə də, hələlik oynama ehtimalı azdır. Ümid edirəm ki, IV dövrəinin sonuna doğru oynayar.

Həsən Quluzadə

 

Oxşar xəbərlər

“Qəbələ” qazaxlara məğlub oldu

admin

“Ayntraxt”ın Bakıya gələcəyi tarix açıqlandı

admin

Mübariz Mənsimov: “Xəzər Lənkəran”nın dönüşü möhtəşəm olacaq”

admin