Ölkə futbolu

Cavid Hüseynov: “1500 manat indiki zamanda elə də böyük məbləğ deyil” – MÜSAHİBƏ

“Bakı” klubunun və Azərbaycan milli komandasının üzvü Cavid Hüseynovun müsahibəsi

-Bir neçə gün bundan əvvəl avqust ayının ən yaxşı futbolçusu seçildin . Belə bir nəticə sənin üçün gözlənilən idimi?

-Açığı, mən ayın ən yaxşı qolu nominasiyasında qalib olacağımı düşünürdüm. Çünki “Simurq”a vurduğum qoldan sonra uşaqlar da deyirdi ki, elə ən yaxşı qol kimi sənin vurduğun qolu seçəcəklər. Elə oldu ki, ayın ən yaxşı futbolçusu seçdilər. Təbii ki, buna daha çox sevindim.Yəqin ki, buna layiq görüblər ki, seçiblər.

-“Azal”ın futbolçusu Uilyam Olureminin vurduğu qol avqust ayının ən yaxşı qolu kimi qiymətləndirildi. Bəs, hər iki nominasiyanın qalibi sən olsaydın necə olardı?

-Bu lap əla olardı. Əslində istəyərdim ki, doğurdan da elə olsun . Karyeram ərzində nə qədər belə titul, uğur qazansam, bu məni daha da ruhlandırar və özüməinamı bir qədər də möhkəmləndirər.Ümumiyyətlə bu hər bir futbolçunun istəyi ola bilər. Hamı daha yaxşı qolun müəllifi olmaq, daha baxımlı oyun nümayiş etdirmək istəyər. İdamnçı həyatımızda belə göstəricilərlə yadda qalmaq lazımdır. Komandamızın uğurları, bizim bu yolda sərf etdiyimiz əmək, gözəl oyun və.s, bunların hamısı daha sonra tarixi faktlar olaraq həm özümüzün , həm komanda azarkeşlərimizin, həm də komandamızın yaddaşında qalır. Bizi etdiyimiz yaxşı əməllərə görə yada salıb, qiymətləndirirlər. “Azal”dan Olureminin də vurduğu qol heç şübhəsiz ki, çox əla alınıb. Mən bu seçimi də alqışlayıram. Tam dəqiq və doğru müşahidə nəticəsində belə bir qolu birinci etmək, necə deyərlər, təqdirə layiq bir şeydir.

-Bu mövsüm istər sən, istərsə də Rauf Əliyev və Əfran İsmayılov daha baxımlı performans nümayiş etdirirsiniz. Bu baş məşqçi Milinko Pantiçlə bağlı olan səbəbdir, ya sizin mövsümə daha istəkli başlamağınızla? Ancaq keçən il bu mənada vəziyyət bir o qədər də ürəkaçan deyildi.

-Yox, əslində biz “Bakı”ya təzə gəldik. Mən məsələn, 6 aydır burdayam.Yəni Raufla mən komandada təzə sayılırıq. Əfran bizdən də bir qədər sonra qoşuldu. Bunun əsas səbəbi ondan ibarətdir ki, mən Raufu, Əfranı, Elvini meydançanın içərisində çox gözəl başa düşürəm. Çünki gözümü açandan bu futbolçularla məşq etmişəm, onlarla bir yerdə futbol oynamışam. Uşaq futbolunda da bir-birimizlə rəqib olsaq da oyunumuza bələdik. Buna görə də deyə bilərəm ki, həmin futbolçularla mən bir-birimizi lap gözüyumulu da başa düşərik. Belə olanda bu da bizim meydançada oyunumuza təsir edir. Yəni buna görə  göstərdiyimiz oyun hardasa baxımlı olur. Ancaq Pantiçin də burda əməyi danılmazdr. Çünki o, xətlər arasında əlaqələri bir qədər də yaxşılaşdırdı və möhkəmləndirdi. Arxa xətti gətirdiyi futbolçularla gücləndirdi. Doğrudur, ilk iki tur məğlub olduq ancaq daha sonra öz oyunumuzu tapdıq.

-Sənin üçün Mailinko Pantiçi digər məşqçilərdən fərqləndirən əsas cəhəti hansıdır?

-Ən əsas xüsusiyyəti odur ki, çox nizam intizamı sevən biridir. Yəni saniyəbəsaniyə hər bir addımımızı izləyir. Mən karyeram ərzində birinci dəfədir ki, Pantiçdə qol çəkdirmək adəti görmüşəm . Futbolçu məşqə,  tutaq ki, saat 12:15-də gəlməlidir və bazaya gəldiyi andaca qol çəkməlidir. Əgər bu 12:16-da baş versə, həmin futbolçu cərimələnir. Biz öyrənmişik 1 saat, 1 saat yarım məşq etməyə lakin Pantiç bizi ən az 2 saat və 2 saat yarım məşq etdirir. Ən çox da fiziki hazırlığa daha çox üstünlük verir. Çox qaçırıq. Təbii ki, bu da bizim xeyrimizədir ki, ziyanımıza deyil. Bunların da bəhrəsini asta-asta görürük. Hücum futbolu oynatmağı xoşalayan məşqçidir. Bu mövsümün statistikasına baxanda da görürük ki, bol qol vurub qalib gəldiyimiz oyunlar az olmayıb. 1 qol vurub müdafiəyə oturmuruq. Mənim özüm də belə futbolu heç sevmirəm.

-Ayın ən yaxşı futbolçusu və qolunun seçildiyi tədbirdə mükafat kimi sənə 1500 manat pul verdilər. Bu məbləğ səni qane etdi?

-Öz adıma deyirəm ki, mənə bu verilən pul mükafatı heç maraqlı deyildi. Əfran və Rauf daha əvvəl bu nominasiyanın qalibləri kimi mənə dedilər ki, belə bir mükafat verilir. Heç buna qədər xəbərim də yox idi. Belə götürəndə 1500 manat indiki zamanda elə də böyük məbləğ deyil.Ən böyük mükafat mənim üçün addır. Açığını desəm,gedib hələ götürməmişəm o pulu qalıb orda (gülür). Ancaq jurnalistlərə təşəkkürümü bildirirəm ki, belə bir seçim edərək məni bu ada layiq görüblər.

-PFL-in prezidenti Ramin Musayev də həmin tədbirdə jurnalistlərə bir növ irad kimi bildirdi ki, niyə heç vaxt futbolçuların aldıqları maaş haqqında maraqlanmırsınız, niyə futbolçular bunu deyə bilmir. Doğurdan da belə bir qadağanın olması nəyə lazımdır?

-Bilirsən, buna niyə qadağa qoyublar? Çünki bir ara bəzi jurnalistlər bu haqda çox yazdı. Niyə filankəs bu qədər alır, filankəs bu pula layiq deyil. Həm də ki, niyə kimsə, kiminsə cibini güdməli, onu pulunu saymalıdır. Mən vallah, heç bilmirəm ki, komanda yoldaşlarım nə qədər maaş alır. Niyə də bilməliyəm axı? Bu mənə maraqlı deyil. Hərənin pulu özünədir. Heç doğmalarımın nə qədər maaş aldığını belə bilmirəm.

– V turda  “Neftçi”yə qarşı matçda hakim sənə 3 oyunluq cəza verdi. Növbəti,IX turda cəzan bitir. 3 oyunu buraxmağın fiziki hazırlığına, oyununa təsir etməyəcək ki?

– Məşqlərə davamlı şəkildə gedirəm, çalışıram formada qalım. Psixoloji cəhətdən də özümü yaxşı hiss edirəm. Düşünmürəm ki, belə bir cəza məni geri sala bilər. Düzdür 3 oyun çoxdur amma yenə də hakim “sağolsun”. Heç nəyi nəzərə almadılar. Nə rəqibin mənə qarşı etdiyini, nə mənim milli komandanın futbolçusu olmağımı və qarşıda millinin oyunları olduğunu. Şikayət etsək də cəza elə 3 oyunluq qaldı.

-Bu turda “Sumqayıt”a qarşı oynayacaqsınız. Bu oyun barədə nə fikirləşirsən?

– “Sumqayıt” əslində bir çoxları üçün autsayder görünür. Amma hər şey göründüyü kimi deyil. Son turda “Neftçi” də “Sumqayıt”ın müqavimətini qıra bilmədi. Futbola lazım olan əsas ünsürlərdən biri fiziki hazırlıqdır, qaçmaqdır ki, bu da “Sumqayıt” futbolçularında var. Çünki komanda gənc futbolçulardan ibarətdir. Ancaq bununla belə yenə də hədəfimiz 3 xaldır .

İqbal (Qafqazinfo.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43