22 Oktyabr 2024
Kateqoriyasız

Cavid Hüseynov təqsirsizdir və bəraət almalıdır (HÜQUQİ TƏHLİL)

Cavid Hüseynova hökm oxunandan (4 il) sonra mövzu əvvəlkinə nisbətən daha qızğın müzakirələrə səbəb oldu. Jurnalist Rasim Əliyevin ölümünə/öldürülməsinə görə həbs olunanlar və onlara verilən cəzalar məlumdur. Ancaq Hüseynovun bu prosesdə təqsir  dərəcəsi nə qədərdir – bunu qanunla izah eləməyin vaxtıdır. Məhkəmə qərarı – hökm məlumdur, indi dolaşıq olan ictimai fikrin aydınlanması üçün hüququn bu hadisəyə interpretasiyasını təmin eləməyin vacibliyi var qarşımızda.
Həmkarımızın ölümüylə nəticələnmiş olayı isti başla şərh edəndə biz hadisədə “qarşı tərəf” kimi bu və ya digər formada iştirakçı olmuş bütün subyektləri günahkar/cinayətkar saydıq. Şəxsən mən Hüseynovu qatil adlandırmışdım “facebook”dakı statusumda. Ancaq məhkəmə prosesində üzə çıxanları izlədikcə mətləblər daha aydın şəkildə münasibət bildirməyimizə səbəb olurdu.
Nəhayət, hökm oxundu və hesab edirəm ki, mövzu ətrafında prosesləri əvvəldən sonadək olan təhlil etmək lazımdır.
Əvvəla, hüquqa boylanaq, görək, verilən hökmlə Cavidin hüquqları pozulub, yoxsa layiqli cəza alıb…
***                  ***                  ***
Cavidin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci  maddəsinə, konkret olaraq maddənin 1-ci və 2-ci bəndlərinə  nəzər salıb, təhlil edək.

CM-in bu maddəsində  nəzərdə tutulmuş “cinayətin ictimai təhlükəliliyi” ondan ibarətdir ki, qabaqcadan vəd etmədən ağır və ya xüsusilə ağır cinayəti gizlətmə, hazırlanan cinayətin vaxtında qarşısını almağa, cinayət törədiləndən sonra isə cinayətkarın yaxalanmasına, ifşa olunmasına və cəmiyyətdən təcrid edilməsinə mane olur. Digər tərəfdən, belə hərəkətlər cinayətkar meyllərin güclənməsinə zəmin yaradır və s.
Yəni cinayət tərkibli əməli törədən şəxs ədalət mühakiməsi orqanlarının cinayətin açılması üzrə fəaliyyətinə mane olur, nəticədə məhkəmə ona qarşı qərarda daha radikal davranır.
***                 ***                  ***
Cavidə, necə deyərlər, tətbiq olunan CM-in 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsi barədə xəbər verməməni ifadə edir.  Xəbər verməmə dedikdə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilən şəxsin bu barədə məlumatı hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə bildirməmədə ifadə olunan hərəkətsizliyi başa düşülür. Yəni maddənin subyekti nə isə etməlidir, amma etmir, susur/gizlədir.
Cinayətin digər növləri, yəni böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər barədə xəbər verməmə isə cinayət hesab edilmir.
Cavid isə bütün məhkəməboyu  kifayət qədər açıq izahatlar vermişdi, təqsirləndirilən maddələr üzrə ittiham edilməsinin doğru olmadığını ortaya qoymuşdu.
Bəlkə yanlış edərəm, ancaq məhz hüququn, qanunun mövzuya aid şərhi bu cür mənzərə açır. Biz Cavid məsələsini çoxdan araşdırırıq…
Şəxs hazırlanan və törədilən cinayət barədə, daha da dəqiq desək, hazırlanan və törədilən ağır və ya xüsusilə ağır cinayət barədə məlumatlı olmalı idi və bu məlumat etibarlı mənbədən olmalıdır. Bəs Cavid hadisənin “ağır cinayətliliyindən” məlumatlı idimi?
CM-in 307.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin “obyektiv cəhəti” “qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə”də ifadə olunub. Burda gizlətmə dedikdə, qabaqcadan vəd etmədən cinayətkarın özünün, cinayət izlərinin, cinayətin törədildiyi alət və vasitələrin, cinayət nəticəsində əldə edilmiş əşyaların təqsirkar tərəfindən gizlədilməsi başa düşülür. Cavid bu detallar üzrə heç bir halda iştirakçı deyilsə, maddənin ona tətbiqi nə qədər doğrudur?
Bir az daha detallı nəzər yetirək.
CM-in 307.2-ci maddəsinə görə: təqsirkar ağır cinayəti qabaqcadan vəd etmədən gizlətdiyini dərk edir və bunu törətməyi arzu edir. Qanun deyir ki, motiv tamah və ya başqa niyyətlər ola bilər.
Yuxarıdakı təhlildən çıxara biləcəyimiz nəticələr bunlardır.
307.1 maddə (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) üzrə:
1. Maddənin subyekti ola biləcək şəxs hər hansı bir cinayətin deyil, yalnız və yalnız  ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilməlidi.
2. Maddənin subyekti ola biləcək şəxs hər hansı bir cinayətin deyil yalnız və yalnız  ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsi barədə məlumatı hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə bildirməməlidir.
3. Maddənin subyekti ola biləcək şəxsin birbaşa qəsdi olmalı, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və törədilməsini yəqinliklə bilməli, bu barədə xəbər vermədiyini dərk etməli və bunu arzu etməlidir.
4. Maddənin subyekti ola biləcək şəxs ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və törədilməsini etibarlı mənbədən və dəqiq olaraq əldə etməlidir.
307.2-ci  maddə (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) üzrə:
1. Maddənin subyekti ola biləcək şəxs hər hansı bir cinayətin deyil yalnız və yalnız  ağır cinayəti gizləməlidir.
2. Maddənin subyekti ola biləcək şəxs hər hansı bir hərəkət deyil,  qabaqcadan vəd etmədən cinayətkarın özünün, cinayətin izlərinin, cinayətin törədildiyi alət və vasitələrin, eləcə də cinayət nəticəsində əldə edilmiş əşyaların gizlədilməsində ifadə olunan hərəkətlər etməlidir.
3. Maddənin subyekti ola biləcək şəxsin birbaşa qəsdi olmalı, hər hansı bir cinayətin deyil yalnız və yalnız  ağır cinayətin gizləməməsini dərk etməli və bunu arzu etməlidir.
4. Maddənin subyekti ola biləcək şəxs gizlətməni yəni, cinayətkarın özünün, cinayətin izlərinin, cinayətin törədildiyi alət və vasitələrin, eləcə də cinayət nəticəsində əldə edilmiş əşyaları gizlətməyi başa çatdırmalıdır. Yəni gizlətmə hazırlıq və cəhd aşamasında qalmamalıdır. Gizlətmə gerçəkləşməlidir. Gizlətmə ilə hədəflənən nəticə əldə olunmalıdır.

Futbolpress.az



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43