Layihə

“CBC Sport” yeni mövsümə necə hazırlaşıb? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı beşinci yazısı.

Artıq Azərbaycan Premyer Liqasında 2017/2018-ci il mövsümü start götürür. Yeni mövsümün ilk oyunu 1 gün sonra – avqustun 11-də baş tutacaq. Ötən il olduğu kimi bu il də çempionatın yayım hüququ “CBC Sport” telekanalına məxsusdu. Budəfəki yazımızda məhz “CBC Sport”un yeni mövsümə necə hazırlaşmasından və hansı yeniliklərin olacağından danışacağıq.

Sözsüz ki, çempionata, futbola marağın artması üçün güclü təbliğatın aparılması vacibdir. Ölkəmizdə fəaliyyət göstərən idman saytları bu işdə əllərindən gələni əsirgəmirlər. Lakin bu, yetərli deyil. Ölkədə iki idman kanalı var – “CBC Sport” və “İdman Azərbaycan”. Amma bu kanallardan yalnız biri – “CBC Sport” ölkə futbolunu makimum işıqlandırmağa çalışır. “İdman Azərbaycan” isə yayım hüquq “CBC Sport”a verildikdən sonra ölkə çempionatını boykot edib. Bu səbəbdən telekanalın efirində ölkə çempionatına aid materiallar demək olar ki, yoxdu. Bu səbəbdən ölkə futbolunun işıqlandırılmasında  bütün yük məhz “CBC Sport”un üzərinə düşür. Əslində, əksər ölkələrdə belə hallar yaşandıqda telekanallar rəqabətə girərək mübarizə aparırlar. Lakin dövlət tərəfindən maliyyələşdirilən “İdman Azərbaycan” bu işdə təslim oldu.

2 il öncə yaradılan və ölkə çempionatının yayım hüququna sahib olan “CBC Sport” artıq azarkeşlərin sevimli idman kanalına çevrilib. Yüksək HD keyfiyyətdə yayım, maraqlı verlişlər, xarici və yerli oyunların yayımlanması azarkeşləri bu kanala “bağlayıb”. Lakin bütün bunlara baxmayaraq, telekanal ilin əvvəlində ciddi maliyyə problemləri ilə üzləşmişdi. Bu səbəbdən işçilərin maaşları aylarla gecikirdi. Nəticədə, bir neçə əməkdaşı telekanaldan ayrıldı. Lakin hazırda “CBC Sport”un durumu yaxşılaşıb.

Ötən mövsüm telekanal çempionat oyunlarını yayımlayan zaman maraqlı yeniliklər edirdi, oyundan öncə mütəxəssis fikirlərini, matçdan sonra isə baş məşqçi və futbolçuların açıqlamalarını canlı efir vasitəsilə azarkeşlərə çatdırırdı. Bundan əlavə, telekanal ölkə və xarici çempionatlarla bağlı bir çox maraqlı verlişlər hazırlayırdı.  Bəs görəsən, telekanal bu il hansı yeniliklərə imza atacaq? Maliyyə durumu bu il çempionat oyunlarını işıqlandırmağa yetəcəkmi? Bütün bu suallara cavab tapmaq üçün telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bunları dedi:

“Ötən ilə nisbətən bu il daha çox yeniliklərimiz olacaq. Biz artıq rəsmən bəyan edə bilərik ki, bütün borclarımızı bağlamışıq. Premyer Liqa oyunlarını canlı yayımlayacaq STS-lər (Səyyar Televiziya Stansiyası) artıq hazır vəziyyətə gətilib. Onu da bildirim ki, ötən il bu STS-lərdən icarə əsasında istifadə edirdik, ancaq bu il isə onlar artıq bizə məxsusdur. Bu, bizim çox böyük uğurumuzdu. İşimizin keyfiyyətinə gəlincə, bayaq dediyim kimi, bir neçə yeniliklərimiz olacaq. İndi bunu açıqlamaq istəmirəm. Bu il ötən ilkindən daha keyfiyyətli yayım olacaq. Ola bilər ki, 1, 2, 3-cü turda izləyicilər bunu hiss etməsinlər, amma sonra bunu biləcəklər.

Premyer Liqaya həsr etdyimiz iki verlişimiz olacaq. Onlardan biri “Bizim futbol” verlişi olacaq. Verlişin ötən mövsümkü aparıcısı Rüstəm Əfsərli “Neftçi”nin mətbuat xidməti rəhbəri vəzifəsində çalışmağa başladığı üçün bu il verlişi Elnur Məmmədli aparacaq. Digər verlişimiz isə “3-cü hissə”dir. Həmin verlişdə də ölkə futbolunda baş verən hadisələrlə bağlı danışıqlar, müzakirələr aparacağıq, jurnalist həmkarlarımıza tribuna verəcəyik. Bunlardan əlavə, telekanalımızda yeni layihələr də nəzərdə tutulub. Amma bu layihələr çempionatımızla bağlı olmayacaq. Çünki 8 komandanın iştirak etdiyi çempionatda layihələrimiz 2-dən çox olarsa, o zaman təkrar fikirlər daha çox olacaq. Bu da tamaşaçıda marağı azaldacaq. Düşünürük ki, 2 layihə çempionatımızı işıqlandırmağa tam yetər.

Onu da qeyd edim ki, biz hər oyunda, əsasən də mərkəzi qarşılaşmalarda iki şərhçidən istifadə edəcəyik və matçdan öncə “Matça doğru” verlişini yayımlayacağıq. Bundan əlavə, ötən mövsüm olduğu kimi, bu mövsüm də matçdan sonra baş məşqçi və futbolçu açıqlamalarını canlı yayımlayacağıq. Mərkəzi, diqqətçəkən matçlardan sonra isə epizodları mütəxəssislərlə birlikdə təhlil edəcəyik.

Ötən il olduğu kimi, bu il də təkcə Premyer Liqa oyunlarını deyil, Azərbaycan Kuboku və I divizionun ən maraqlı oyunlarını tamaşaçılara canlı yayımla təqdim edəcəyik. Bundan əlavə xüsusi buraxılışlar ola bilər. Məsələn, Azərbaycan futbolu üçün hansısa əlamətdar günə həsr edilmiş xüsusi buraxılışlar planlaşdırırıq. Amma sırf Premyer Liqa üçün belə bir əlavə layihə nəzərdə tutulmayıb.

Yeniliklərimizdən biri də görüntü keyfiyyəti ilə bağlıdı. Bu mövsüm yeni kameralardan istifadə edəcəyik. Hər görüşü 6 kamera vasitəsilə yayımalayacağıq. Bundan əlavə dron çəkilişlərini də bərpa etmək niyyətimiz var.

Biz kanal olaraq hər zaman əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Sevindirici haldır ki, nə Peşəkar Futbol Liqası (PFL), nə də klublarımızdan heç biri yayımlarımızdan şikayətçi və narazı deyillər. Sonda onu da qeyd edim ki, azarkeşlər elə ilk turlarda yayımdakı fərqliliyi görə biləcəklər. Həm kameraların keyfiyyəti, həm yeni rakurslar bu mövsümdə oyunları televiziyadan izləyənləri valeh edəcək”.

Bəli, Şəmsəddin bəyin də dediyi kimi, yayım keyfiyyətləri ötən ilkinə nisbətən daha yaxşı olacaq. Bundan əlavə, o, qeyd etdi ki, oyunları hərtərəfli işıqlandırmaq üçün matçdan öncə və sonra buraxılışlar olacaq. Bütün bunların edilməsi çox yaxşı haldı. Amma belə olduqda onsuda stadiona gəlməyən azarkeşlər tribunadan daha da soyuyur. Televiziyada yüksək keyfiyyətli yayımı qoyub, stadionda oyuna baxmağa getmir. Təbii ki, bunun da qarşısını almaq olar. Bunun üçün klublar müəyyən tədbirlər həyata keçirməlidir.

Yuxarıda qeyd etmişdik ki, telekanalda ilin əvvəlində maliyyə problem var idi. Ancaq Şəmsəddin Abbasov artıq hər şeyin qaydasına düşdüyünü, bütün borcların bağlandığını bildirdi. Bu da telakanalın yeniliklər etməsinə zəmin yaradan bir haldır. Ümid edək ki, yeni mövsüm həm klublarımız üçün, həm də “CBC Sport” üçün uğurlu alınar.

İlkin İsmayılzadə

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43