Ölkə futbolu

“CBC Sport”un əməkdaşı Səmra Əliyeva canlı efirdə başına gələni danışdı, zərbəni vuran futbolçu özünü necə bağışlatdı? – AÇIQLAMA

Dünən UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü – "İnter – "Mladost" görüşündən əvvəl xoşagəlməz hadisə yaşandı.

İdmanxeber.com-un məlumatına görə, "CBC Sport"un əməkdaşı Səmra Əliyeva qarşılaşmadan əvvəl "bankirlər"in məşqçisi Zaur İsmayılovdan müsahibə alarkən anidən top onun sifətinə tuş gəlib. Lakin özünü itirməyən zərif cinsin nümayəndəsi həmin an toparlanaraq müshibəyə davam edib. Məlum hadisədən sonra həmkarımızla əlaqə saxlayıb düşüncələrini bizimlə bölüşməsini istədik. Əliyeva baş verən vəziyyətin adi hal olduğunu söylədi:

 "Bu günə qədər məşq zamanı meydançanın kənarında çox müsahibə almışam. Hər zaman məşq gedən vaxt öz-özümə düşünürdüm ki, top mənə tərəf gəlməz. Dünən isə başım müsahibimə qarışmışdı və mən yeni ünvanlayacağım sualı düşündüyüm bir vaxt top anidən üzümə dəydi. Topu görəndə artıq gec idi. Təbii ki, top gözümə və başıma dəydiyi üçün ağrı başladı. İndi də başımda müəyyən ağrılar qalıb. Həmin vaxt gözümdən yaş gəldi.  Lakin bu canlı efir idi və televiziya sahəsi çox ciddi bir mövzudu. Mikrafonu geri çəkməyi düşünmədim və təşəkkür edirəm ki, müsahibim Zaur bəy də soyuqqanlığını qorudu. Düzdü, bəlkə mən yıxıla da bilərdim, burnumdan qan açılmaq ehtimalı da var idi. Ancaq canlı efirdə dayanmaq olmaz. Onu da bildirim ki, təbiətcə soyuqqanlı insanam".

Səmra xanım zərbənin hansı futbolçu tərəfindən vurulduğundan da xəbərdardı: "Açığı, əvvəlcə özümə də maraqlı idi. "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovdan soruşanda, hadisədən xəbərsiz olduğunu söylədi. Lakin daha sonra Mirhüseyn Seyidov mənə "facebook"da yazaraq, baş verənlərə görə üzr istədi. Aydın oldu ki, top Mirhüseyn tərəfindən vurulub. Ancaq məndə ona bunun adi hal olduğunu bildirdim",

Bildirək ki, Mirhüseyn Seyidov üzrxahlıq məqsədi ilə Səmra Əliyevaya artıq öz hədiyyəsini göndərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43