Kateqoriyasız

“Çempionluq üçün böyük vəsait lazımdır” – “Neftçi”nin prezidenti

“Neftçi” klubunun prezidenti Kamran Quliyevin müsahibəsi

–  Operativ Qərargah avrokuboklarda çıxış edəcək 4 klubumuzun məşq etməsinə icazə verib və klublar tədricən hazırlıq planlarını qurublar. “Neftçi”nin hazırlıq planı necədir, məşq üçün hansı məkanı seçmisiniz?

–  Əvvəla Operativ Qərargaha “sağ ol” deyirəm ki, avrokuboklarda oynayacaq klubları düşünüb bu qərarı verib. Sualınıza gəlincə, təbii ki, bizim də hazırlıq planımız var. Həmin plan iki hissədən ibarətdir. Düzdür, öncədən qəti olaraq nəsə demək çox çətindir. Çünki vəziyyət elədir ki, qərarlar tez-tez dəyişə bilir.

–  Hazırlıq üçün hansı məkanı seçmisiniz?

– Biz Qəbələni seçmişik. Yaxın günlərdə komanda bütünlüklə koronavirus testindən keçəcək. Testin cavabı neqativ çıxanlar hazırlıq üçün Qəbələyə yollanacaq.

–  Transferlərlə bağlı nə yenilik var?

– Bu sahədə işlər gedir. Danışıq apardığımız, hətta razılıq əldə etdiyimiz futbolçular da var. Sadəcə, bizi çətinə salan mövcud durumdur. Çünki futbolçu ilə razılılğa gəlsən də, müqavilə üçün onun tibbi baxışdan keçməsi mütləqdir. Bizdə isə sərhədlər bağlıdır və ona görə razılaşdığımız futbolçu Azərbaycana gələ bilmir. Biz də üzünü görmədiyimiz futbolçu ilə müqavilə bağlaya bilmərik.

–  Amma dediniz ki, razılıq əldə etdiyiniz futbolçular var. Maraqlıdır, üzünü görmədiyiniz futbolçu ilə necə razılıq əldə etmisiniz?

– İndi dövr başqa dövrdür. Ən azı internet var, İnStat var, futbolçunu görmədən belə, onun göstəriciləri, oyun keyfiyyəti haqda yetərli məlumat toplamaq mümkündür.

–  Bu sualı niyə verdim? Siz kluba yeni rəhbər gələndə açıqlamışdınız ki, transfer edəcəyiniz futbolçuları yerində görüb qərar verəcəksiniz. Şəxsən Ceyhun Sultanov özü demişdi ki, internetlə futbolçu transferi bitdi…

– Bəli, tamamilə doğrudur. Mən yenə də eyni mövqeyi qoruyuram. Sadəcə, indi elə vəziyyətdir ki, pandemiyaya görə buna məcburuq.

– Belə məlumatlar yayılıb ki, transfer etdiyiniz iki futbolçu var, hansı ki, hazırda İstanbuldadır və Bakıya gələ bilmir. Onların İstanbuldakı günlük xərcini də “Neftçi” ödəyir. Bu məlumatlar həqiqəti nə dərəcədə əks etdirir?

–  Əvvəla, biz hələ heç bir yeni legionerlə rəsmi müqavilə bağlamamışıq. Rəsmi müqavilə bağlamamışıqsa, həmin futbolçunun xərcini necə qarşılaya bilərik? Bu mənada məlumat doğru deyil. O ki qaldı məsələnin digər tərəfinə, gəlin, belə danışaq. Əgər klub hansısa futbolçuya İstanbula gəlməyi tapşırırsa, demək ki, bunun üçün dövlətdən icazə alıb. Yəni icazə alıb ki, yeni futbolçu alırıq və həmin futbolçu klubun düşərgəsinə gəlməlidir. Bu icazəni alandan sonra futbolçuya deyilir və o da İstanbula, daha sonra da ordan təyyarə ilə Bakıya gəlir. Belə olan halda müəyyən cüzi xərclərin klub tərəfindən qarşılanması da normaldır. Amma dediyim kimi, hələlik bizim belə bir addımımız olmayıb və kimsənin də yerinə pul ödəməmişik.

– Növbəti sualım Dabo ilə bağlı olacaq. Son açıqlamasında deyib ki, “Neftçi”ni məhkəməyə verəcək. Sizin forma məsələsinə görə ona pul cəzası kəsməyinizi qanunsuz hesab edir. Deyir ki, o şəkli həyat yoldaşı paylaşıb və buna görə özü məsuliyyət daşımır…

–  Bu, nəyi dəyişir? İnsan gedib hardasa cinayət törədir, amma özü-özünü çəkmir. Amma onun cinayəti yol kənarında quraşdırılan hansısa kameraya düşür. İndi həmin kamera görüntüsünə görə, insanı cinayət məsuliyyətinə cəlb etmək qanunsuzluqdur? Fotonu kimin çəkməsi məsələnin mahiyyətini dəyişmir axı. Dabo özü də etiraf edib ki, “Qarabağ”ın formasını geyinib oturub evdə. Həyat yoldaşı da onu çəkib paylaşıb. Burda məsələ futbolçunun başqa klubun formasını geyinməsidir. Başqa klubun formasını geyinmək cinayət deyil. Sadəcə, baxır, hansı formada, hansı şəraitdə. “Neftçi” elə klubdur ki, burada forma geyinən istənilən futbolçu geyindiyi formanın məsuliyyətini dərk etməlidir. Klubun forması, atributları, dəyərləri hər zaman uca tutulmalı və futbolçu da bunun məsuliyyətini dərk etməlidir. Bu məsələ müqavilədə də öz əksini tapır. Bu mənada Daboya kəsilən cəza da tam haqlıdır və hara müraciət edir etsin, özü bilər. O, səhv edib, cəzasını da almalı idi.

–  Dario Federiko ilə bağlı son durum necədir? Futbolçu özü açıqlama vermişdi ki, “Neftçi”də oynamaq istəmir…

–  Dario hələlik bizimlədir və yaxın günlərdə onunla bağlı məsələ tam dəqiqləşəcək. Qala da bilər, gedə də bilər.

–  Mustivar klubdan narazı getdi. Deyib ki, “Neftçi”dən bu şəkildə ayrılmamalıydım…

–  Yox, yox, heç bir narazılıqdan söhbət gedə bilməz. Mustivar əsla narazı getmədi. Əksinə, çox mehriban şəkildə ayrıldıq. Futbolçu o açıqlamanı o mənada verməyib. Sadəcə, demək istəyib ki, qalıb oynamaq istəyirdi. Mustivar 2018-ci ilin aprelindən bizimlə idi. Oynadığı müddətdə də komandaya xeyri dəyib və biz də ondan narazı deyildik.

–  Futbolçu qalmaq istəyirdi, siz də narazı deyildiniz. Bəs elədirsə, niyə getdi?

–  Bu artıq məşqçi heyətinin verdiyi qərar idi. Çünki o mövqedə daha çox fayda verməli olan futbolçuya ehtiyac var. Həm də daha cavan. Bir sirri də sizə açım ki, bundan sonrakı transferlərimizdə yaş amilinə xüsusi fikir verəcəyik. Yəni daha cavan futbolçularla müqavilə bağlayacağıq. Cavan o demək deyil ki, ancaq 17-18 yaşlı futbolçu alacağıq. Elə yaşda olacaq ki, karyerasının pik dönəmini yaşayır.

–  Meza Kolli ilə maraqlanmağınıza dair da məlumatlar var…

–  Xeyr, o futbolçu, ümumiyyətlə, bizim maraq dairəmizdə deyil.

–  Gələk, əsas məsələlərdən birinə. Pandemiya səbəbindən demək olar ki, bütün klublar maddi zərər görüb və büdcəsini azaldıb. Hətta çempion “Qarabağ” belə, növbəti mövsüm üçün büdcəsini azaldacağını açıqladı. Yəqin ki, “Neftçi”də də büdcə azalması olacaq. Bəs, bu, hansı formada olacaq?

–  Büdcə məsələsində biz də əziyyət çəkəcəyik. Etiraf edim ki, keçən il vəziyyətimiz daha yaxşı idi. Çünki avrokuboklardakı iştiraka və nəticələrə görə pul aldıq, bundan başqa, sponsorlarımızdan olan “Türk Hava Yolları” da maddi cəhətdən bizə çox dəstək oldu. Amma indi vəziyyət başqadır. Xüsusilə, “Türk Hava Yolları” ilə hələlik yeni müqavilə bağlanmayıb. Düzdür, ilkin danışıqlar olub və müsbət dinamika var. Təbii, hər şey ola bilər. Ola da bilər ki, qarşı tərəf yeni müqavilədən imtina etdi. Amma biz çox ümid edirik ki, yeni anlaşma baş tutacaq. Lakin bir məsələ də var ki, onu da etiraf etməliyik. Yeni anlaşma olsa belə, gələn gəlir əvvəlki kimi olmayacaq, ciddi şəkildə azalma olacaq. Çünki hazırda dünyada turizm sektoru hansı vəziyyətdədir, hamı bilir. Belə vəziyyətdə bizim “Türk Hava Yolları”ndan əlavə nəsə tələb etməyimiz də düzgün çıxmaz. Bu mənada büdcədə ciddi azalma gözlənilir.

–  O zaman belə çıxır ki, bazanın tikintisi bu il də yekunlaşmayacaq…

–  Baza ilə bağlı məsələ belədir. Tikinti sektorunda çalışanlar bilir ki, tikinti 3 hissədən ibarət olur. Bunlardan birincisi konstruksiya, ikinci fasaddır. Bizdə konstruksiya işləri görülüb. Hazırda fasad işləri gedir. Fasad işləri də elə-belə iş deyil, ən çox vaxt və zəhmət tələb edən mərhələdir. Əsas odur ki, bazada iş dayanmayıb və yavaş da olsa, gedir. Gələn il fasad işlərinin tam yekunlaşacağına ümid edirəm.

–  Deməli, baza tam olaraq ən yaxşı halda 2022-də təhvil veriləcək…

–  Mövcud vəziyyət, virus, maddi durum işi bir az yubadacaq. Çünki biz bazanın ərazisində akademiya üçün ayrıca bina da nəzərdə tutmuşuq.

–  Mik Benetin gedişindən sonra klubunuzun futbol akademiyasında rəhbər vəzifə hələ də boşdur. Həmin vəzifəyə kimin gəlişi gözlənilir?

– Hələ bu haqda nə müzakirə olub, nə də hansısa fikir var. Onsuz hazırkı pandemiya şəraitində uşaq futbolunun necə olacağı bilinmir. Məşqlər nə vaxt bərpa olunacaq, çempionat nəı vaxt başlayacaq, heç nə məlum deyil. Gələn aydan onlayn məşqlərə başlayacağıq. Bundan o tərəfi AFFA-nın verəcəyi qərardan asılı olacaq. Benetin yerinə kimin gələcəyinə isə klubun Müşahidə Şurası qərar verəcək.

–  Gəlim, müsahibənin bəlkə də ən vacib sualına. Etiraf edək ki, sizin gəlişinizdən sonra “Neftçi”də dirçəliş oldu, klub özünə gəlib avrokuboklarda 3-cü mərhələyə kimi getdi, “Qarabağ”la çempionluq mübarizəsinə qoşuldunuz. Amma hələ də Ağdam klubunu qabaqlayıb çempion olmaq mümkün deyil.

–  Bütün detalları açıqlamaq istəmirəm. Bizdən çempionluq gözləyən və tələb edən hər kəsi başa düşürük. Ən azı biz də onlar qədər istəyirik ki, çempion olaq. Nə çatmır? Çempionluq üçün böyük vəsait lazımdır. Biz maliyyə cəhətdən geri qalırıq. İstənilən klubun “qızıl dövr”ndən sonra eniş dövrü olur. “Neftçi” də 2010-cu ildən sonra “qızıl dövr”nü yaşadı. Sonra enişə keçdi. Biz klubu qəbul edəndə çətinliklər çox idi. Böyük hədəflər üçün daha böyük vəsait qoyulmalıdır. Nəzər salaq görək, 2-3 il əvvəl vəziyyət necə idi. Klubu çətin vəziyyətdə qəbul etdik. Komanda çempionluq mübarizəsindən tam qopmuşdu. Tədricən vəziyyəti düzəltdik. Hazırda “Neftçi” ən azı çempionluq üçün başabaş mübarizə aparır. Niyə çempion ola bilmir? Yenə deyirəm, bunun üçün böyük maliyyə lazımdır. Tək əsas komanda və onun büdcəsini müzakirə etməyək. Böyük nəticə üçün böyük yatırım, infrastruktur, maliyyə mütləqdir. Baxın görün, çempion olan komanda nə qədər investisiya qoyur. “Neftçi” kimi klubun öz evi yoxdursa, buna nə ad qoyaq?

– Demək istəyirsiniz ki, “Neftçi” büdcəsinə görə çempion “Qarabağ”dan çox geri qalır?

–  Belə deyim, biz bu gün maliyyə durumuna görə 1-ci yerdə deyilik. Bununla hansısa narazılıq, şikayət etmirəm. Bu gün nə varsa, ona da şükür. İstənilən şəraitdə çalışırıq iş görək, daha yaxşı nəticələr qazanaq. Məsələn, klubun TV-ni açdıq, başqa layihələrimiz də olacaq. Amma çempionluq üçün böyük maliyyə lazımdır.

Mənbə: rekord.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43