İdman

Çexiya yığmasının qapıçısı: “Azərbaycana yuxarıdan aşağı baxmaq olmaz”

“Almaniya yığması bizim qrupun aşkar favoritidir. Hazırkı məqamda onlarla rəqabət aparmaq çox çətindir”. İdmanxeber.com-un məlumatına görə, bunu Çexiya millisinin qapıçısı Tomaş Vaçlik deyib.

 

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan çexlər mübarizəyə sentyabrın 4-də Şimali İrlandiyaya qarşı matçla başlayacaqlar. Yığmaya növbəti dəfə dəvət alan Vaçlik yerli mətbuata açıqlamasında qrupu dəyərləndirib.

 

27 yaşlı qolkiper komandamızı özlərinə əsas rəqiblər sırasında görmür. O, hədəflərinin ikinci yeri tutmaq olduğunu bildirib: “Bilirik ki, qrup ikinciliyi uğrunda Şimali İrlandiya və Norveçlə mübarizə aparacağıq. Onlarla yarışdan qalib ayrılıb pley-offda iştirak etmək üçün mümkün qədər çox xal toplamayalıyıq. Bu baxımdan Azərbaycan və San Marino ilə görüşlər çox önəmlidir. Təbii ki, onlara da yuxarıdan aşağı baxmaq olmaz. Seçmə mərhələyə uğurlu start götürmək vacibdi. Bu üzdən Şimali İrlandiya ilə evdəki oyunda qələbə qazanmalıyıq”.

 

Qeyd edək ki, Çexiya ilə Azərbaycan yığmaları arasında ilk oyun oktyabrın 11-də, qrupun III turu çərçivəsində “Munisipial” stadionunda keçiriləcək.(apasport)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43