Ölkə futbolu

Con Toşak: “Xəzər Lənkəran”ın hər yerdə sadiq azarkeşləri var”

 “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak klubun rəsmi saytına açıqlama verib.

 Uelsli mütəxəssis Superkubokda “Neftçi” ilə keçirdikləri qarşılaşmadan (2:1) danışıb: 

Naxçıvanda yerləşdiyimiz otel, oranın personalı bizə qarşı çox qonaqpərvər davrandılar. Təhlükəsizliyimiz üçün lazım olan bütün diqqət alqışa layiq idi və elə polislər də nümunəvi davranışları ilə yadda qaldılar. Çox təmiz havası olan Naxçıvanda hər tərəflə əhatə olunmuş dağlar da şəhər mərkəzinə əlavə gözəllik verirdi. Xüsusən bir rəngdə olan taksilər və sürücülərin uniformada olması diqqətimi çəkdi. Maraqlanıb biləndə ki, taksilər yerli istehsaldır yadıma “FİAT”ın İtaliyada yayılması düşdü. Bundan əlavə küçələrdə şütüyən avtomobillər çox təmiz idi. Məncə Avropada Naxçıvan haqqında geniş məlumatları yoxdur. Hamı Bakı, Bakı deyir, amma belə bir gözəl məkanda varmış. Ən çox da bizi matç ərzində dəstəkləyən naxçıvanlı azarkeşlərə minnətdaram. Görünür “Xəzər Lənkəran”ın hər yerdə sadiq azarkeşləri var. Bir sözlə Naxçıvan məndə inanılmaz xoş təəssürat oyatdı”.

Toşak Topaz Premyer Liqasının XI turunun “Qarabağ”a Lənkərandakı oyunu haqda da fikirlərini açıqlayıb: “Qarşıda isə “Qarabağ”la çox çətin bir oyunumuz var. Hər zaman kubok qazanmaq gözəl hiss yaradır. Amma artıq çempionatı düşünməliyik. Bildiyiniz kimi biz burada olmadığımız müddətdə Lənkəranda ardıcıl yağışlar yağıb. İndi məşq keçmək üçün elə proqram tərtib edirik ki, əsas və ehtiyat meydançalarımız korlanmasın. Ümumiyyətlə Lənkərana tez-tez yağış yağdığından əlavə süni qazonu olan meydana ehtiyac yaranır. Bu problemi həll edəcəyik. Azarkeşlərimizi sevindirmişik və inanıram ki, onlar “Qarabağ”la oyunda tribunaları dolduracaqlar!”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43