Ölkə futbolu

Çürükçülük

Bir şey haqda həddən artıq danışmaq, onu dəfələrlə təkrar etmək çürükçülükdü.  Necə ki, bunu "Neftçi" rəsmiləri edir.

"Qarabağ"la mərkəzi oyunda 14-cü dəqiqədə Almeydanın epizodu ilə bağlı hələ də danışmaqdan zövq alan "Neftçi" tərəfi deyəsən yeni "tema" tapıb. Yəni, məsələ hakimin həmin epizodda Almeydaya niyə qırmızı verməməsi və sonucda yenilgiyə gətirib çıxarması ilə əlaqələndirilir. … Və Araz Abdullayevə verilən ağır cəza – qırmızı.

Ümumiyyətlə hakimlik bizim ölkədə bir az öskürəkli mərəz olduğundan yaxşısı budur, bundan daha danışmayaq. Yəni, danışmağın nə faydası? Təbii ki, Almeydaya qırmızı verilməmişdisə (əslində verilməli idi) Araza da göstərilməməliydi. Bu söhbətin məğzi "buna niyə vermisən?", "ona göstərməmisən?" – deyil. Məsələ bunu bu qədər uzatmaqdadı. Yox, əgər həqiqətən də iddia edirsiz ki, çempionluq bu matçdan sonra əldən getdi, o zaman niyə fasiləyə və fasilədən sonraya kimi "bizi sıxırlar, çempion olmağa qoymurlar" deyirdiz? Əgər həqiqətən sizi bu dəfə çempion olmağa qoymayacaqlarsa və siz bunu bilirsizsə, niyə Almeyda epizodunu dağ başına çıxardıb, zurna-balaban sədalarını göyə ucaldırsız? Qardaş, onsuz da qoymayacaqlar (iddianıza görə), vay-şüvənlik nəyə lazım?

Özünüz də bilirsiniz ki, son 3 ildə "Neftçi"yə göstərilməyən kartlardı indi artıqlaması ilə pay verilir. Heç çox uzağa getməyək, götürək Rednik dönəmindəki XL-lə oyununuzu. Yadınızda olar, Bakıxanovdakı oyunda 13-cu dəqiqədə Rəşad Abdullayev XL-in üzvü Şəhriyar Xəlilova şillə vurmuşdu. O zaman hakim heç sarı kart da göstərməyərək, heçnə olmamış kimi oyunu davam etdirmişdi. Və nəticədə XL darmadağına məruz qalmışdı. İndi isə həmin anı Almeyda epizodu ilə müqayisə edin. Yəni, sizə verilməyəndə yaxşıdı, özgəyə pis? 

O üzdən çox danışmaqda heç bir fayda yoxdu. Hələ məsələ bizim futbol, bizim hakimlik olunca…

Hakimlikdən də danışmaqla azarkeş başı aldatmaq hər dəfə "tutmayacaq". Vitse-prezidenti 15 oyunluq cəzaya məruz qalan klubun futbolçusu bundan artıq olmayacaq ki? Rəhbəri intizamsız olan futbolçunun da görüb-götürdüyü budur. Ona görə də, ilk növbədə səhvi özünüzdə axtarın.

Səxavət QURBANOV

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43