Müsahibə

Dani Kintana: “Qrupdan çıxmaq üçün “Tottenhem”ə qalib gəlməli olduğumuzu yaxşı anlayırıq” (MÜSAHİBƏ)

“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana “Kəpəz”lə matçdan sonra İdmanxeber.com-a müsahibə verib:

– İlk öncə matç barədə fikirlərini bildirərdin…
– Premyer Liqaya verilən fasilədən sonra yenidən başlamaq çətin idi. Özü də bilirdik ki, çətin oyun olacaq. Oyunun əvvəlində də məlumat almışdıq ki, “Qəbələ” “Sumqayıt”la bərabərə qalıb. Bunun üçün də qələbə bizim üçün çox önəmlidi. “Qəbələ” ilə xal fərqini açmaq istəyirdik. 

– “Qəbələ”nin bərabərə qalmağı sizi motivasiya etdi?
– Biləndə ki, liqadakı ən önəmli, ən böyük rəqibimiz xal itirib, bu bizim üçün əlavə motivasiya qaynağı oldu.

-Xal fərqi 9 xala çıxdı. Yenə də çempionatda “Qarabağ”a rəqib elə özü olacaq?
– Biz hər oyuna qələbə üçün hazırlaşırıq. Amma unutmayaq ki, keçən il “Qəbələ” çempionatın ikinci yarısında demək olar bütün oyunlarını qalib başa vurdu. Bizi addım-addım izləyirdi. Ona görə biz xal fərqinə baxmayaraq, yenə də öz oyunumuzu oynayacağıq.

– Adətən mərkəzdə oynayırsan, ancaq bu görüşdə sağ cinahda oynadın. Oyunun gedişində də hiss olunurdu ki, mərkəzə daha çox meyillisən. Elə qolu da mərkəzdən irəliləyib vurdun. Demək olar ki, mərkəzdə özünü rahat hiss edirsən?
– Mən hər iki mövqedə də oynaya bilirəm. İspaniya və Polşada da hər iki mövqedə oynamışam. Baş məşqçimiz hansı mövqedə oynamağımı istəsə, orada da əlimdən gələni etməyə çalışacam.

– Qarşıdan çətin “Tottenhem” matçı gəlir. Qrupdakı vəziyyəti necə dəyərləndirirsən?
-Bilirik ki, evdə çətin komanda ilə qarşılaşacağıq. Qrupdan çıxmaq üçün “Tottenhem”ə qalib gəlməli olduğumuzu yaxşı anlayırıq.  

– Heyətdə itkilər çoxdu. Onların yerini doldurmaq olacaq?
– Komandamızda zədəliləri əvəzləyəcək yetərincə futbolçular var. Lakin Rəşad Sadıqov və Samuel Armentorosun tezliklə qayıtması komadnamız üçün olduqca faydalı olardı. Ümid edirəm ki, tezliklə komandaya qoşulacaqlar. Lakin hər ehtimalda onları əvəzləyəcək oyunçularımız var.

– Formanın üzərində Premyer Liqanın sponsorunun adı bağlanılıb. Bu nə ilə əlaqədardı?
– Formanı geyinəndə baxmıram ki, orasında nə var və heç kimdən soruşmuram ki, orası-burası niyə belədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43