Müsahibə

Daniel Seqoviya: “Oyunu öz əlimizlə verdik”

“Neftçi”nin futbolçusu Daniel Seqovia Azərbaycan Premyer Liqasının 21-ci turunda “Zirə”yə məğlub olduqları oyundan (1:2)  sonra jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, ispaniyalı hücumçu ilk olaraq məğlubiyyəti şərh edib:

– Oyuna yaxşı başlaya bilmədik. İkinci hissədə özümüzə gəldik və qol vurduq. Lakin qapımızda gördüyümüz ilk qoldan sonra toparlana bilmədik, hesabda geri düşdük. Oyunu öz əllərimizlə verdik. Rəqib səhvlərimizdən yararlandı. “Zirə” böyük bir şey etmədi.

– Hesabı siz açsaz da, erkən qol buraxdınız. Komandada eyforiya yaranmışdı?

– Mənə elə gəlir ki, “Neftçi” kimi komanda qapısında erkən qollar buraxmamalıdır. Hər dəfə belə qollar buraxsaq, çempionluq uğrunda müarizə apara bilmərik. İnanıram ki, gələn oyunlarda belə səhvləri təkrar etmərik.

– İlk hissədə oyununuz niyə yaxşı alınmadı?

– Birinci və ikinci hissə arasında oyunumuzda fərq oldu. İlk hissədə komandada nəsə çatışmırdı. Baş məşqçimiz fasilədə bizə müəyyən tapşırıqlar verdi, çatışmazlıqları bizə izah etdi. Bunun da nəticəsində ikinci hissədə yaxşı oyun sərgilədik. Rəqib ilk qoluna qədər qapımızda təhlükəli vəziyyət yaratmamışdı.

– Maksim Vaylo dəfələrlə səhvlərə yol verib. Növbəti oyunlarda da Vaylo qapını qoruyanda komandada inamsızlıq yaranmayacaq?

– Günahı Vaylonun üzərinə atmaq olmaz. Elə oyun ola bilər ki, qapıçı yaxşı qurtarışlar edə bilər. Bəzən də  səhvlərə yol verə bilər. Bu gün Maksimin günü deyildi. Birgə qalib gəldiyimiz kimi, komanda şəklində də uduzuruq. Hər birimizdə günah var idi.

– “Neftçi” qış fasiləsindən sonra çempionata yaxşı başlamışdı və komandaya inam yaranmışdı. Demək olar ki, bu məğlubiyyətlə “Neftçi” həmin inamı itirdi?

– Azarkeşlərimizə səslənirəm ki, bizi dəstəkləməyə davam etsinlər. Qalan oyunlarda maksimum nəticələr əldə etmək üçün əlimizdən gələni edəcəyik.

– Çempionat oyunları üçün motivasiya qalıbmı?

– Mən peşəkar oyunçuyam və uşaq yaşlarımdan mənə öyrədiblər ki, bütün oyunlara qələbə əzmi ilə çıxmalısan. “Neftçi” elə komandadır ki, motivasiyaya ehtiyac yoxdur. İstər kubok, istərsə də çempionat oyununa qalib gəlmək üçün mübarizə aparmalısan. Mən inanıram ki, komandamız son oyuna kimi motivasiyalı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43