Ölkə futbolu

Daniel Subotiçdən “Xəzər Lənkəran” açıqlaması

“Çempionatda ilk oyunumu da AZAL-a qarşı keçirmişdim. Sözügedən komandaya qarşı oynamaq çətindir. Müdafiədə diqqətlidirlər. Hər iki oyun mənim üçün ağır keçdi. Xoşbəxtlikdən ilk matçda olduğu kimi bu qarşılaşmada da fərqlənə bildim və biz eyni hesablı əzmkar qələbə qazandıq. Komandamız görüşdə xarakter göstərdi, məğlub durumdan qalib gəlməyi bacardıq. Önəmli olan 3 xalı qazanmaq idi ki, bunun da öhdəsindən gəldik”.

Bu sözləri “Qəbələ”nin hücumçusu Daniel Subotiç klubun rəsmi saytına açıqlamasında deyib.

Bombardirlər siyahısında ilk sıraya yerləşməsinə münasibət bildirən serbiyalı futbolçu qarşıdakı turlarda qollarının sayını artıracağına inandığını söyləyib: “Hücumçu kimi mənim vəzifəm qol vurmaqdı. Meydançaya da buna görə çıxıram. Çempionata uyğunlaşdıqdan sonra qollarımı sıralayacağımı bilirdim. Təbii ki, qolları təkcə mənim ayağıma yazmaq düzgün deyil. Hər bir qolun vurulmasında mənim qədər ətrafımdakı futbolçular da əziyyət çəkirlər. Buna görə də komanda yoldaşlarıma minnətdaram. Hazırda hesabımda 10 qol var və bu sayı artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Turdan tura qolların sayını artıracağıma inanıram”.

D.Subotiç son iki ev məğlubiyyəti və növbəti turda baş tutacaq “Qəbələ” – “Rəvan” matçı barədə də fikirlərini açıqlayıb: “Qarabağ” və “Xəzər Lənkəran”la oyunlarda bir sıra fərdi səhvlərə yol verdik. “Xəzər Lənkəran”la matçda yaxşı təsir bağışlasaq da, qələbəni qoruya bilmədik. Üçüncü qolu vurmaq şansımız oldu, amma bu imkandan yararlana bilmədik. Bizim üçün bəxtsiz gün idi. Qarşıda bizi “Rəvan”la görüş gözləyir. Çempionatdakı hər oyun çətindir. Komandaları turnir cədvəlindəki mövqeyinə görə dəyərləndirmək düzgün deyil. Fərqi yoxdur rəqib “Qarabağ”dır, yoxsa “Rəvan”. Bütün oyunlara ciddi yanaşırıq. İnanıram ki, qarşılaşmaya yüksək səviyyədə hazırlaşıb hədəflədiyimiz 3 xala sahib olacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43