Müsahibə

Davud Kərimi: “Tadas Simaitsdə o hissi görmədim” – MÜSAHİBƏ

Qarşıdakı mövsmün hazırlığlarına bu gündən etibarən start verən "Kəpəz"in qapıçısı Davud Kərimi İdmanxeber.com saytına müsahibə verib. "Əlcək sahibi" komandanın hazırkı durumundan və yeni mövsümə olan hədəflərindən danışıb.

– Davud, bu gün hazırlıqlara start verdiniz…

– Bəli, bu gün tanıtım məşqimiz baş tutdu. Yeni məşqçimiz Vidadi müəllimi (Vidadi Rzayev) təqdim etdilər. İlk məşqimizdə Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu da təşrif buyurdu. Hazırlıqdan əvvəl kiçik toplantı keçirdik daha sonra məşqlərə başladıq. Şahin müəllim (Şahin Diniyev) bildirdi ki, Bakıdakı 10 günlük məşq proqramımızda əsasən fiziki hazırlığa üstünlük verəcəyik. 

– Yeni mövsüm üçün iddialarınız nə olacaq?

– Hələlik nəsə demək çətin olar. Bu gün yeni futbolçularımız da bizimlə məşqə çıxdı. Şahin müəllim heyəti necə formalaşdırmaq lazımdı, hansı işi hansı formada yerinə yetirmək lazımdı, çox yaxşı bilir. Üzərinə düşən məsuliyyəti də çox yaxşı dərk edir. Demək istədiyim odu ki, iyulun 15-i Türkiyənin Ərzurum şəhərindəki toplanışımza 3 legioner futbolçu qoşulacaq. Düşünürəm ki, sıralarımıza qoşulacaq bu futbolçular gücümüzə əlavə güc qatacaq.  Misal olaraq özümü götürsəm deyə bilərəm ki, baş məşqçimiz necə mənə güvəndisə və mən onun etimadını doğrultdumsa, həmin oyunçular da Şahin müəllimin inamını qazanacaq. 

– Bəs düşünmürsən ki, gələn mövsüm üçün işiniz  bir qədər də çətin olacaq?

– Bunu çempionatın gedişi göstərəcək. Ötən mövsüm elə bir an gəldi ki, az qala sonuncu yerə düşək. Ard-arda neçə oyunu biz məğlub olduq. Hamı düşünürdü ki, sonuncu yerdə olacağıq, AZAL bizi keçəcək və s.  Ancaq sonradan toparlanmağı bildik və qazandığımız qələbələrlə azarkeşlərimizi sevindirdik. Hətta son tura qədər Avropa Liqasına yollanmaq şansımız vardı, təəssüf ki, alınmadı. İnanmıram ki, bizim üçün çətin olsun. Çünki komandama, rəhbərliyə, məşqçilər korpusuna və azarkeşlərimizə güvənirəm. Düzdü, azarkeşlərimizə bir az gec qoşulacağıq. Lakin onların dəstəyini, nəfəsini hiss edirik. 

– Gəncə şəhər stadionunun ot örtüyünün düzəlməsi, oyunlarınıza nə dərəcədə müsbət təsir göstərə bilər?

– Yadınızdadısa, ötən mövsümün son dövrəsində demək olar oyunlarımızın əksəriyyətini öz stadionumuzda oynadıq. Gördünüz ki, demək olar, oyunlarımız qələbə ilə başa çatdı, tək "Qarabağ"a uduzduq. Həmin vaxt stadionun ot örütüyü normal idi. Bizim əsas üstünlük amilimiz azarkeşlərdi. Onlar bizi sona qədər dəstəkləyir.

– Davud, bir vaxt demək olar, butslarını mıxdan asmağa hazırlaşırdın. Harda olduğun da bilinmirdi. Belə bir vaxtda Şahin Diniyev sənə etimad göstərdi və bir anda Premyer Liqada mübarizə aparan komandanın əvəzolunmaz futbolçusuna çevrildin. Bu necə bir hissdi?

– Bu hissi sözlə ifadə etmək mümkünsüzdü. Bunun bir adı var ki, baş məşqçinin səmimi qəldən futbolçuya güvəni və inamı. Allahıma şükürlər olsun ki, mən bu sınaqdan üzüağ çıxdım. "Kəpəz"ə gəldiyim gün ağır məşq prosseslərini və ailəmi gözümün önünə gətirdim. Çox şükürlər olsun ki, hər şey ürəyimcə oldu. 

– Sənin bir anda əsas heyət üzvünə çevrilməyin, digər qapıçı Tadas Simaitisdə qısqanclıq hissi yaratmadı?

– Hər dəfə oyun bitdikdən sonra, Tadasda onu hiss eləmədim.Çünki o, peşəkar insan idi. Simaitisin insani keyfiyyətləri, onun qısqanc olmadığı anlamına gəlirdi. Hər dəfə məşqdə, oyundan əvvəl bir-birimizə uğurlar arzulayırdıq, matçdan sonra bir-birimizi təbrik edirdik.

Hidayət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43