Ölkə futbolu

“Daxili qanaxma”

Qeyr-adi heç nə baş vermir. Öncədən proqnozlaşdırılan hadisələr doğrulmaqdadı. "Neftçi" Sadıqovun dönəmindəki əzəmətini itirməkdədi. Hər ötən həftə, hər ötən gün, hətta hər ötən saat… 

Ölkənin ən nüfuzlu klublarından birini ölkənin ən rüsvayçı görkəmində azərbaycanlı futbolsevərlərə təqdim edir indiki rəhbərlik.  Daim böyük hədəflər üçün mübarizə aparan komanda kiçik insanların əlində böyük oyunların qurbanına çevirilib. 

İllər öncə Sadıq Sadıqovun rəhbərlik etdiyi bir komanda var idi, onu da "top atəşi"nə tutmuşduq. Ancaq o rəhbərliyin başçılığı altında komanda nəticələr verirdi, stadiona azarkeş cəlb edə bilirdi. Heç bir piara, heç bir reklama ehtiyacı olmadan. Sadəcə nəticələri ilə… İndiki rəhbərlik isə fəaliyyətə başlayanda nə vədlər verməmişdilər, nələr edəcəklərini deməmişdilər. Boş sözlər, quru vədlər, nəticələr də göz qabağında.

Hər mövsüm çempionluqa oynayan komandanın bu il qarşısına hədəf kimi 3-cü yer qoyulub. Biabırçılıq. Komandada xaos var. Daxildə çaxnaşma gedir. Bizdə olan məlumata görə, futbolçular komandanı tərk etməkdə maraqlıdı. Ruslan Qurbanovun "Qəbələ"yə keçidi də asanlıqla başa gəlməyib. Təsəvvür edin heç bir yerdə görülməmiş olay "Neftçi"də yaşanıb. Qurbanov 8000 manat maaş təklif ediblər, ancaq o, bundan imtina edib və 12 min manat tələbi ilə çıxış edərkən "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov və onun müavini Mübariz Xudiyev buna qarşı çıxıb. Ona "12 qol vur "premya" 10 min manat və yeni müqavilədə də maaşın 10 min manat olsun" – vədi verilib. "Sıxışdırılan" futbolçu üz tutub MŞ-nın rəhbəri Çingiz Abdullayevə. Sonuncu məsələni futbolçunun lehinə həll edərək, Qurbanova azad agent statusu verib. Nəticədə Ruslanın "Qəbələ"yə keçidi asanlaşıb.

İndiki məqamda bir neçə futbolçunun da komandadan getməkdə israrlı olduğu haqda informasiya əldə etmişik. Bunlar Cavid İmamverdiyev, Araz Abdullayev, Rəhman Hacıyev və digərləridi.

Bu və digər amillər "ağ-qaralı"larda "qara"nı daha da çoxaldıb. Çingiz Abdullayevin rəhbərlik etdiyi briqada ona həvalə olunan posta layiqincə dəyər verə bilmir. Azarkeşləri üz döndərib komandadan. Boş tribunalar önündə sanki hər oyun azarkeş cəzasına məhkum imiş kimi oyuna çıxır komanda. 

Çox çəkməyəcək bir-bir köhnə ağacın budaqları qırılacaq. Zatən üzü payıza doğru gedirik. Qoca çinarın da hay-hayı gedib, vay-vayı qalıb. Azarkeşini məhkəməyə verən, "komandanın nəticələrinə görə birbaşa məsuliyyəti Müşahidə Şurası daşımır" deyən klubun başbilənləri o postdan necə gedəcəklərini özləri də bilməyəcək. 

Çox güman ki, SOCAR-ın himayədarlığında olan komandaya tarix yazan rəhbərliyin dönüşü qaçılmazdı. Bir zamanlar paytaxt klubunun prezidenti olmuş Rövnəq Abdullayevin belə Sadıqovu "Neftçi"yə geri qaytarmaqda maraqlı olduğu bildirilir. Cüdodakı uğurlu fəaliyyəti ilə Abdullayevin yanında nüfuzunu artıran Sadıqov çox çəkməz "köhnə yuva"ya geri dönər. Bunu futbolçular da istəyir, azarkeşlər də…

İstəksə reallıqın bir parçasıdı… 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43