Dünya futbolu

Derbi öncəsi “Mançester Yunayted”də ciddi itkilər

İngiltərə Premyer Liqasının hesabat turunda əzəli rəqib “Mançester Siti” ilə qarşılaşacaq “Mançester Yunayted”in heyətində ciddi itkilər var.

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Anderlext”lə qarşılaşmada ciddi zədə alan və uzun müddət yaşıl meydanlardan kənarda qalacağı açıqlanan Zlatan İbrahimoviçlə yanaşı, komandanın digər aparıcı siması Pol Poqba da derbidə iştirak etməyəcək. Bu barədə açıqlama verən komandanın baş məşqçisi Joze Mourinyo fransalı futbolçunun zədəsi olduğunu deyib. Mütəxəssis Ander Herrera və Luis Antonio Valensiyanın artıq komanda ilə məşqlərə başladığını sözlərinə əlavə edib. Portuqaliyalı çalışdırıcı İbrahimoviçin zədəsindən də danışıb: “Mən inanıram ki, Zlatan zədəyə təslim olmayacaq. O, güclü insandır və sona qədər döyüşəcək”.  

Qeyd edək ki, “Mançester Siti” – “Mançester Yunayted” oyunu bu gün baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək və “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43