Müsahibə

“Diktor “Qarabağ”ın adını çəkəndə…” – Qara Qarayev

Azərbaycan kubokunun finalında “Qəbələ”yə (2:0) qalib gələrək, titulu qazanan “Qarabağ”ın futbolçusu Qara Qarayev oyundan sonra təşkil edilən brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

– “Qızıl dubl” etdiniz, nə hislər keçirirsən?

– Hədəfimiz həm ölkə kubokunda, həm də çempionatda qalib olmaq idir. Şükürlər olsun ki, bu il qarşımıza qoyduğumuz məqsədlərə çatdıq. Finala yüksələnə qədər çox əziyyət çəkdik. Düşünürəm ki, bugünkü “Qarabağ” qazanılan nəticələrə layiq idi. Oyunun burda keçirilməsi də fərqlilik oldu. Naxçıvanda da “Qarabağ”ı istəyənlərin çox olduğunu gördük. Onların dəstəyi də bizə çox kömək etdi.

– Sənə elə gəlmir ki, rəqib bir qədər həvəssiz idi?

– Birinci hissədə havanın isti olması qaçmaqda çətinlik yaradırdı. İlk qolu kim vursa, oyunun taleyini də demək olar ki, həll edəcəkdi. Elə oyun idi ki, nəticə qazanmaq üçün hesabı açmaq lazım idi. “Qəbələ”nin həvəssiz olub-olmadığı barədə heç nə deyə bilmərəm. İnanmıram ki, belə olsun. Zaman-zaman əks-hücumlarda təhlükəli oldular. Ancaq bu vəziyyətlərdən istifadə edə bilmədilər. Düşünürəm ki, üstün tərəf biz idik.

– Stadionun ot örtüyü gözəl oyuna nə qədər təsir etdi?

– Əlbəttə, stadionun otu ev oyunlarımızı keçirdiyimiz “Azərsun Arena”dakından çox fərqlənirdi. Oyunun tempi aşağı düşürdü. Bunun səbəbi həm də hava şəraiti oldu.

– Bir müddət adın xarici klublarla hallandı…

– Hələ ki, heç bir müqavilə imzalamamışam. Bir çox ölkələrdə çempionat mayın axırında bitəcək. Buna görə də gözləyirəm. Klubun da xəbəri var. Xaricdən yaxşı təklif olsa, getmək istəyərəm. Hələ ki, “Qarabağ”dayam.

– Oyundan əvvəl azarkeşlər matçın Naxçıvanda keçirilməsindən narazı idilər. Bir futbolçu olaraq, bugünkü oyunda “Qarabağ” azarkeşlərinin sayı səni qane etdimi?

– “İmarət” və “Qarabağ Ordu” fan-klublarından başqa yerli əhali də bizə dəstək oldu. Hətta matçdan öncə diktor da “Qarabağ”ın adını çəkəndə stadionun böyük hissəsi bizi alqışladı. Bu da o deməkdir ki, Naxçıvan əhalisi bizi sevir. Əvvəlcə gözləyirdik ki, azarkeş sayı az olsun, amma yerli əhali bizi yanıltdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43