Müsahibə

Dino Ndlovu: “Azərbaycanı sevirəm, hörmət edirəm, amma…”

Yeni mövsümə hazırlaşan “Qarabağ” klubu dünən yoxlama görüşündə həvəskarlar liqasında çıxış edən “Bakı” klubu ilə qarşılaşıb – 9:0.

Matçdan sonra oyunda 5 qol vuran “Qarabağ”ın hücumçusu Dino Ndlovu idmanxeber.com saytının əməkdaşının da suallarını cavablandırıb.

– İlk öncə hazırlıq barədə məlumat verərdin…

– İndidən hazırlıq barəsində danışmaq tezdir. Amma məşqlərimizə davam edirik, çalışırıq. Əlimizdən gələni edirik ki, oyunlara tam hazır olaq. Bunun üçün də bizə 2-3 həftə lazımdır. Bu müddətdən sonra istədiyimiz səviyyəyə çata bilərik.

– Bu matçda 5 qol vurdun. Ümumiyyətlə, “Bakı” klubu haqqında məlumatın varmı?

– Bilirəm, baxmayaraq ki, hazırda həvəskarlar liqasındadırlar, amma böyük klub olması haqqında məlumatım var. Bu gün yaxşı oyun sərgilədilər. Əsasən gənc futbolçulardan təşkil edilmiş heyətdir. 5 qol vurmağım barədə danışmaq istəmirəm. Əksinə, həmin gənc heyəti bu gün göstərdiyi oyuna görə alqışlayıram.

– Milli komandanın sabiq baş məşqçisi ilə aranda problem yaşanmışdı və bu səbəbdən yığmaya çağırılmırdın. İndi baş məşqçiniz dəyişilsə də, yenə də çağırılmırsan…

– Bu, bir az qəribə sualdı. Hazırda mən Azərbaycanda oynayıram. Millimizin digər hücumçuları isə Fransada, Türkiyədə oynayır. Hətta ölkə çempionatımızda da güclü hücumçu var və qollarını sıralayır. Sizcə, hansı baş məşqçi elə çempionatlarda çıxış edən hücumçunu deyil, nisbətən zəif çempionatda çıxış edən futbolçunu milliyə dəvət edər? Amma buna baxmayaraq, baş məşqçi ilə danışığım olub və o mənə deyib ki, indiki kimi davam etsəm, qollarımı sıralasam milliyə çağırılma şansım olacaq. Azərbaycanı sevirəm, hörmət edirəm, klubumu sevirəm, amma digər ölkələrlə müqayisədə bizim çempionatımız bir az zəifdir.

– Adı “Qarabağ”la hallanan Tokelo Rantie ilə dostsan. Onunla “Qarabağ”a keçmək barədə söhbət etmisənmi?

– Bəli, o, mənim dostumdur. Amma bu barədə söhbətimiz olmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43