Müsahibə

Dmitri Nazarov: “Başladığımız işi öz meydanımızda bitirməliyik” (MÜSAHİBƏ)

Azərbaycan millisinin və Almaniyanın “Karlsrue” klubunun yarımmüdafiəçisi Dmitri Nazarov klubunun rəsmi saytına müsahibə verib.

İdmanxeber.com həmin müsahibəni təqdim edir:

– “Hamburq”la ilk pley-off oyununda 1:1 hesablı heç-heçədən sonra komandada atmosfer necədir?

– Səfərdəki heç-heçə sayəsində uğurlu sonluğa ümid edə bilərik. Ona görə də komandada atmosfer yaxşıdır. Amma təbii ki, qələbəni əldən verdiyimiz üçün bir qədər məyusluq var. Oyuna baxanlar da təsdiqləyə bilər ki, biz bu oyunu qələbə ilə başa vurmağa borclu idik. Çünki çoxlu qol epizodu yaratmağa nail olduq. Lakin biz artıq cavab oyununu düşünməliyik. Başladığımız işi öz meydanımızda bitirməliyik. Uğur qazanacağımıza inanıram.

– Siz özünüz də bu oyunda qol vurmağa çox yaxın idiniz. Amma qapı çatı istəyinizə mane oldu…

– Uzaqdan zərbə vurmağa qərar verdim. Baxmayaraq ki, o məsafədən zərbə vurmağa hər kəs üstünlük vermir. “Hamburq”un qapıçısı Rene Adleri təəccübləndirmək istədim. Məncə, təəccübləndirməyi bacardım, amma zərbəmin qolla tamamlanmasına azacıq uğur çatmadı. Əks halda top qapıya daxil olacaqdı. Ola bilər ki, qol arzumu cavab görüşündə reallaşdırdım.

– Cavab oyununda komanda üçün daha vacib olan nə olacaq?

– Təkbətək mübarizələrdə aqressiv oynamağa davam etməliyik. Müdafiədə diqqətli olmalıyıq. Çünki hücumda inamlı oynamaq üçün bu, çox vacibdir. İlk oyundakından daha yaxşı mübarizə aparmalıyıq. Bizim böyük potensialımız var.

– Karlsruedə azarkeşlər eyforiyadadırlar…

– Bu, doğrudan da çox gözəldir. Azarkeşlərimizə şəhərin hər bir hissəsində rast gəlmək olar. Cavab oyununa bütün biletlərin satılıb qurtarması da gözəl hissdir. Bu, bizə əlavə motivasiya verir.

– Siz də komandanın Bundesliqaya yüksələnədək üzünü qırxmamağa qərar verən futbolçulardansınız. Tezliklə saqqaldan yaxa qurtarmaq imkanı qazandığınıza görə sevinirsiniz?

– Dörd həftədən çoxdur üzümü qırxmıram. Amma qarşıdakı oyundan sonra saqqalımı qırxacağıma görə sevinəcəyəm.

– Bu oyundan sonra komanda yoldaşlarınızla daha nə etməyi planlaşdırırsınız?

– Dəqiq bilmirəm. Mənim istirahət üçün vaxtım olmayacaq. Çünki “Hamburq”la oyundan sonra Azərbaycan yığmasının düşərgəsinə yollanacağam. Bizi qarşıda Serbiya ilə yoxlama, eləcə də Norveçlə AÇ-2016-nın seçmə mərhələ oyunu gözləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43