Dünya futbolu

“Dnepr”in futbolçusu: “Lionel Messi və Kriştianu Ronaldo da bizə kömək edə bilməzdi”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a 0:1 hesabı ilə məğlub olan “Dnepr”in futbolçusu Artyom Fedetski matç barədə fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, Ukrayna mətbuatına danışan futbolçu bu sözləri deyib:

“Əlbəttə, pis oynadıq. Əks-hücumdan qol buraxdıq. Bilirdik ki, “Qarabağ” müdafiədən oynayacaq. Güclü cəhətlərimizi öyrənib, cinahları bağlayacaqlar. Belə də oldu və bizi əks hücumda yaxaladılar. İkinci hissədə vəziyyəti xeyrimizə dəyişməyə çalışdıq. Ancaq qatar artıq getmişdi.

Qol vəziyyətləri yaratdıq, amma real epizodlar deyildi. Bu oyunda hətta Lionel Messi və Kriştianu Ronaldo da bizə kömək edə bilməzdi. Avropa Liqasında niyə görə qol vura bilmədiyimizi anlamıram. Ölkə çempionatında çox qol vursaq da, Avroliqada artıq üçüncü matçımızdır ki, fərqlənə bilmirik. “Qarabağ” yaxşı təhlil etmişdik. Onların necə komanda olduğunu, “Sent-Etyen” və “İnter”lə görüşlərdə yaxşı oynadıqlarını bilirdik.

Bu gün baxdım ki, stadiona 3000 azarkeş gəlmişdi ki, onların 2800-ü “Qarabağ”ın tərəfdarları idi. Gülməlidir. Fikrimcə, biz “Obolon” və yaxud “Dinamo” stadionunda oynasaydıq, daha yaxşı olardı. Çünki “Olimpiyski” stadionunda sanki yoldaşlıq matçına çıxmışdıq. Azarkeş yox idi. Artıq cavab matçına hazırlaşmalıyıq. Bilirik ki, orada anşlaq olacaq. “Qarabağ” qrupdan çıxmaq üçün hər şeyi edəcək. Həmçinin doğma azarkeşləri önündə bu qələbənin təsadüfi olmadığını sübut etməyə çalışacaqlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43