Ölkə futbolu

Dodo fikirindən daşındı, “Qəbələ”ylə iki illik müqavilə imzaladı

“Qəbələ” aparıcı futbolçularından olan Luis Hilario Dodo ilə müqaviləni yeniləyib.

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, yeni razılaşmaya əsasən braziliyalı futbolçu daha iki il “qırmızı-qara” formanı geyinəcək.

Yeni müqavilədən sonra klubun saytına fikirlərini bildirən  Dodo “Qəbələ”də oynamağına heç zaman peşman olmadığını deyib:

“Mən dəfələrlə bunu açıqlamışam: “Qəbələ”nin formasını geyinməkdən şərəf duyuram. Heç vaxt bu klubu seçdiyimə görə peşman olmamışam. Həmişə rəhbərlikdən və azarkeşlərimizdən dəstək, sevgi görmüşəm. Bu mövsüm qarşımıza qoyduğumuz məqsədə nail olduq. Tariximizdə ilk dəfə Avropa Liqasında çıxış edəcəyik. İstəyirəm ilk addımlarımız uğurlu olsun”.

Xatırladaq ki, Dodo 2011-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyur. Yarımmüdafiəçi komandasının heyətində ən çox oyun keçirən futbolçudur. O, 107 dəfə “Qəbələ”nin uğuru üçün meydançaya çıxıb.

Qeyd edək ki, bundan əvvəl Dodonun özü açıqlamasında “Qəbələ”dən ayrıldığını demişdi. Ancaq rəhbərlik oyunçunu klubda qalmağa razı salaraq onunla müqaviləni yeniləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43