Müsahibə

Dodo: “Xanımım deyir ki, bir qola nə qədər baxmaq olar?” (MÜSAHİBƏ)

Oktyabrın 16-da 28 yaşı tamam olan “Qəbələ”nin futbolçusu Paulo Luis Hilario (Dodo) dogum günü ərəfəsində “Qəbələ” İK qəzetinə müsahibə verib.

– Son 2 ayda həm Avropa Liqasında, həm də çempionatda önəmli qollar vurdun. Məhsuldar oyununu nəylə əlaqələndirərdin?

– Qol vurmaq ampluamın tələbidir. Məhsuldar oyunumda baş məşqçimiz Roman Qriqorçukun əməyi böyükdür. O, mənə çox dəstək verir. Qriqorçukun istəklərini meydançada həyata keçirməyə çalışırıq. Hər dəfə bunu yaxşılaşdırıb, vurduğumuz qolları sıralamağa səy göstəririk.

– “Qəbələ”də ilk illərdə oynadığın mövqeyə – yarımmüdafiənin sol cinahına qayıtmısan. Üstəlik, kapitan sarğısı yenidən sənə həvalə olunub. Güman ki, bunlar da oyununa müsbət təsir göstərir?

– Hər bir futbolçuya öz mövqeyində oynamaq daha xoşdur. Çünki orada özünü rahat hiss edir. Düzdür, “Qəbələ”də yarımmüdafiənin mərkəzində, sağında da oynamışam. Ancaq sol cinah mənə doğmadır, orada oyunum daha yaxşı alınır. Kapitanlığa gəlincə, komanda yoldaşlarım mənə əvvəl də hörmət bəsləyirdi. Baş məşqçimizin sayəsində komandamız mehriban bir ailə kimidir.

– “Qəbələ”yə gələnədək, 2010/2011 mövsümündə Avropa Liqasının qrup mərhələsində oynamısan. Bu olub Zaqreb “Dinamo”sunun heyətində. Maraqlıdır ki, rəqiblərinizdən biri də PAOK olub.

– Bəli. PAOK-la yanaşı qrupda “Vilyarreal” və “Brügge” ilə də mübarizə aparırdıq. Ancaq PAOK-a qarşı heç bir matçda oynamadım. Yunanıstana aparılsam da, baş məşqçi adımı “18-liy”ə daxil etmədi.

– Səncə, o vaxtkı PAOK güclü idi, yoxsa indiki?

– Əminliklə deyirəm, əvvəki PAOK indikindən qat-qat güclü idi. Bu komandaya evdə məğlubiyyət bizi 1/16 finaldan kənarda qoydu.

– Bəs səncə, “Qəbələ” qrupdan növbəti mərhələyə adlaya biləcəkmi?

– Qrupda komandalar arasında xal fərqi böyük deyil. Doğrudur, hər kəs favorit kimi Dortmund “Borussiya”sını göstərsə də, fikrimcə, biz də çoxlarını təəccübləndirməyə qadirik. Bunu qrupa düşməklə artıq etmişik. 1/16 finala çıxmaqla növbəti tarixi nəticəyə imza ata bilərik. PAOK-la oyunda çoxlu qol imkanını boşa verdik. “Krasnodar”la matçda isə idman xoşbəxtliyi bizdən üz döndərmişdi.

– Həmin oyunda 3 qol vursan da, baş hakim bunun 2-ni saymadı.

– Əlbəttə, bu, mənə çox pis təsir etdi. Halbuki, sayılmayan qollar bizə qələbə gətirə bilərdi. Qol epizodlarından birinin yanlış olaraq, oyundankənar vəziyyət kimi qeydə alınmasını xüsusi qeyd edərdim. Neyləyə bilərik, mübarizə davam edir.

– “Xəzər Lənkəran”la oyunda 8-ci saniyədə fərqlənməklə milli çempionatımızın tarixində ən erkən qol müəllifi kimi rekordçu oldun. Bu şəxsi nailiyyət sənin üçün nə deməkdir?

– Əlbəttə, mənim üçün çox sevindiricidir. Baş məşqçimizin tələbi də odur ki, oyun başlayarkən rəqibi sıxışdıraraq topu qəbul edər-etməz hücum quraq. Yaxşı xatırlayıram. Fakundo Pereyradan ötürmə aldım və sürətlə boş zonaya girib topu “çərçivə”yə göndərdim. Topun qapıçının qolunun altından keçdiyi də yadımdadır. Sonra görürəm, hamı qola sevinir və məni təbrik edir. Rekordçu kimi tarixə düşmək hər zaman xoşdur.

– Maraqlıdır, karyeranda belə erkən qol vurmuşdun?

– “Dinamo”da oynadığım dövrdə də bir dəfə ilk dəqiqədə qol vurmuşdum. Sadəcə, bu, 8-ci yox, 45-ci saniyədə olmuşdu. “Qəbələ”də vurduğum tarixi qol mənə çox təsir edib. Gündə, azı, 10 dəfə həmin epizoda baxıram. Xanımım deyir ki, bir qola nə qədər baxmaq olar? Hələ də onun təsiri altındayam. Bu qol məni çox ruhlandırıb.

– “Qəbələ”də 4 il birgə oynadığın hücumçu Viktor Mendinin yoxluğu sənə necə təsir edir?

– Mendinin yoxluğunu hiss edirəm. Çünki birgə oynayanlara daim kömək edir, digər hücumçuların da fərqlənməsinə çalışırdı. Qriqorçuk onu indi də nümunə göstərir, hər iclasda oyununu qeyd edir.

– Digər tərəfdən, Mendinin gedişi sənə “Qəbələ” nin yeni bombardiri olmağa imkan verib.

– Dostluq ayrı, vəzifə borcu ayrı. İstəyirəm ki, Viktoru həm də qol sayında üstələyərək “Qəbələ”nin yeni bombardiri olum.

– Komandamıza gəldiyin 2011-ci ildə işıq üzü görən “Qəbələ İK”nın 100-cü sayıdır. Həmin vaxtdan “Qəbələ”də qalan yeganə futbolçu kimi təbrikini, arzularını bilmək istərdik.

– “Facebook”dakı çoxlu dostlarım arasında “Qəbələ İK” da var. Qəzetdəki məlumatlarla Braziliyada, Almaniyada, müxtəlif ölkələrdəki izləyicilərim tanış olurlar. Kollektivinizi səmimi qəlbdən təbrik edir, işlərinizdə uğurlar arzulayıram. Arzum budur ki, daha uzun müddət birgə işləyək və mən də gələcəkdə Azərbaycan dilini öyrənərək qəzetinizi sərbəst oxuyum.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Namiq Ələsgərov: “Neftçi”ni çox çətin yol gözləyir”

admin

Qurban Qurbanov: “Bəlkə də bizi qarşıda növbəti məğlubiyyətlər gözləyir” – MÜSAHİBƏ

admin

“Neftçi”nin hücumçusu: “Vəziyyətim elə də ideal deyil”

admin