Kateqoriyasız

Dodonun “Qəbələ”ylə bağlı təəssüfü

2014-cü ilin ilk rəsmi oyunu – “Sumqayıt”la qarşılaşma Luis Hilario üçün yubileylə əlamətdar oldu.

Dodo ləqəbli braziliyalı Premyer Liqada 80-ci matçına çıxdı. Yubilyar bu göstəricidə daha öncə “Qəbələdə” top qovmuş yalnız 3 oyunçudan geri qalır: Pavel Doroşev – 90, Abdulkader Kamara – 83, Lyubo Baranin – 82.

Matç Dodo üçün həm də digər yeniliklə yadda qaldı. İkinci dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan cənubi amerikalı ilk dəfə Premyer Liqa oyununda bu vəzifəni icra etdi. Bunadək Dodo yalnız kubok qarşılaşmasına kapitan kimi başlamışdı. Matçın ardından gabalafc.az-la fikirlərini bölüşən braziliyalı uzun müddət “Qəbələ”nin formasını geyinməkdən şərəf duyduğunu, bu forma ilə uğurlara imza atmaq istədiyini bildirib:

“Artıq 3-cü ildir ki, “Qəbələ”dəyəm. Bu müddət ərzində həm sevincli, həm kədərli günlərimiz olub. Komandamla gözəl qələbələrə sevinib, gözlənilməz məğlubiyyətlərə üzülmüşük. Amma heç vaxt “qırmızı-qara” formanı geyinməyimə peşman olmamışam, bu formanı daşımaqdan yorulmamışam. Hər zaman rəhbərlikdən dəstək, azarkeşlərimizdən sevgi görmüşəm. Yəni arxada qoyduğum 80 oyundan həzz almışam. Bu dövr ərzində bir çox təklif alsam da, “Qəbələ”dən ayrılmağı heç vaxt düşünməmişəm. Təəssüf ki, hələ komandamla yaddaqalan uğura imza atmamışam. Amma bu mövsüm uğura çox yaxınıq. İnanıram ki, cari futbol ilinin sonunda hədəflərimizə nail olacağıq. Mən də komandamla 100-cü, 200-cü, 300-cü oyunuma çıxacağam, yeni-yeni uğurlara imza atacağam”.

Braziliyalı futbolçu kapitanlıq sarğısını daşımaq məsuliyyətini ona həvalə etdiyinə görə baş məşqçi Yuri Syominə təşəkkürünü bildirib:

“Sumqayıt”la matçda meydançaya kapitan kimi çıxdım. Bu mənim üçün Premyer Liqada çox məsuliyyətli yenilik idi. Baş məşqçimizə kapitanlıq sarğısını daşımağı mənə həvalə etdiyinə görə təşəkkür edirəm. Bu məsuliyyətin öhdəsindən gəlmək üçün var gücümlə çalışacağam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43