Ölkə futbolu

Ehtiyatın qazancı

Evdə 1:1 hesablı nəticə faciə olmasa da, daha yaxşısı ola bilərdi. “Ferentsvaroş”a qarşı istədiyimiz nəticənin olmamasında itkilərin də böyük rolu oldu. Kevin Medina, Kadi Borges, Riçard Almeyda və son anda zədələnən Maksim Medvedevin yxoluğu müsbət nəticə qazanmağımıza mane olan amillərdən biri idi. Çünki adı çəkilən futbolçuların yoxluğu, komandanı təkcə zəiflətmir, həm də digər oyunçuların performanslarına da mənfi təsir edir.

Bakıdakı “Lex” və “Sürix” görüşlərini xatırlayın. Heç kim Ağdam klubundan o cür performans gözləməzdi. Hətta “köhlən atlar”ın Poznan klubuna 5:1 hesabı ilə qalıb gəlməsinə rəğmən, yenə də hər kəs “Sürix”ə qarşı çox ehtiyatlı davranırdı. İsveçrəlilərin polşalılardan daha da səviyyəli olduğu iddia edilirdi. Əslində “Lex” özü də bizim 5 qol vuracağımız qədər zəif deyildi. Sadəcə, “Qarabağ” bacarmışdı. Elə təsadüfü deyildi ki, təmsilçimiz “Sürix”lə oyunun ilk hissəsində az qala rəqibə top göstərmədi. İrəlidə pressinq, sürətli cinah hücumları və oyunçuların fərdi ustalığı “Qarabağ”ın bu günə qədər ən yaxşı oyunlarından birini göstərməsinə səbəb oldu.

Macarıstan klubuna qarşı isə həmin oyun olmadı. Olmaması mümkünsüzlükdən deyildi, ehtiyatdan qaynaqlandı. Çünki baş məşqçisi də, futbolçular da müdafiənin iki əsas oyunçusu – Medina və Maksimin yoxluğunun yaxşı fərqində idi. Ona görə də digər görüşlərdəki pressinqdən, rəqibi öz meydanında qarşılamaqdan əsər-əlamət yox idi. Yalnız rəqib hesabı açdıqdan sonra komanda öz oyununu bərpa etməyə çalışdı. Və nəticəsini gördü…Dərhal cavab qolu. Hətta VAR olmasaydı, önə belə keçmişdik. Əminəm ki, Qurbanov üçün artıq hər şey aydındır. O, “Ferentsvaroş”a qarşı da digərlərinin aqibətini yaşada biləcəyinin mesajını alıb. Rəqibin həddindən artıq yavaş oynaması, müdafiəyə çəkilməsi bəzi şeylər üçün bəhanə olmamalıdır. Dəqiq baxası olsaq, “Qarabağ” özü də heç-heçənin çox əleyhinə görünmürdü. Hətta bütün bunlarla belə Vadji paxıllıq etməsəydi, Bəhlul boş qapıdan topu keçirə bilsəydi yenə qələbə gələrdi. İstənilən halda bu ehtiyatın qazancı evdəki heç-heçə oldu.

İndi hər şey Budapeştdə həll olunacaq. Artıq Qurban Qurbanov da macarları daha yaxşı tanıyır və əlavə olaraq 3 futbolçunun – Kadi, Riçard və Maksimin səfər matçında meydana çıxacağını nəzərə alsaq, bizim üçün rəqib meydanındakı oyun burdakından daha rahat ola bilər.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43