Müsahibə

Elnur Allahverdiyev: “Con Toşak mənə qarşı haqsızlıq edib” – MÜSAHİBƏ

Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyevin  müsahibəsi

– “Xəzər Lənkəran”la məsələniz nə yerdə qalıb?
– Məsələ deyəndə, artıq komandadan ayrılmışam. Qismət olsa, karyeramı başqa komandada davam etdirəcəm.

– Klubla müqaviləniz var idi. Bunu necə həll etdiniz?
– Transfer vərəqim verilib. Klub rəhbərliyi başqa komandada oynamağım üçün şərait yaradıb.

– Əvvəlki illərə diqqət yetirdikdə “Xəzər Lənkəran” müqaviləsi davam edən futbolçuları kompensasiyasız klubdan buraxmadığının şahidi oluruq. Sizdən necə, transfer vərəqinizi vermək üçün pul aldılar?
– Komandadakı çıxışımı nəzərə alıb, heç nə istəmədən transfer vərəqimi verdilər. Buna görə də onlara təşəkkürümü bildirirəm. Yəni indiyə qədər çəkdiyim zəhməti itirmədilər. Etdiklərimə görə hörmət qoydular.

– Konkret kimlərlə görüşdünüz?
– Klubun prezidenti Mais Mənsimovla, vitse-prezident Tuyqun Nadirovla görüşdüm. Məni incitmədilər. Lazım olan şəraiti yaratdılar.

– Bəs baş məşqçi Con Toşakla görüşdünüzmü?
– Xeyr, onunla niyə görüşüm ki? Əksinə, hələ o mənə qarşı haqsızlıq edib. Belə olan təqdirdə, görüşməyimizin mənası var ki?
– Hər halda Toşakın haqqınızda səsləndirdiyi fikirlərlə razılaşmırdız. Səbəbini soruşa bilərdiz..
– Ona sual verən yoxdur ki, Elnur harda, nə vaxt yaxşı oynamayıb? Biz komanda şəklində pis çıxış etmişik. Belə olan təqdirdə niyə məhz məni günahlandırmalıdır? Bu düzgün söhbət deyil. Millidə yaxşı oynayıram, klubumda yox? Belə şey heç vaxt mümkün deyil. Klubumda da bacardığımı etməyə çalışmışam. Əlimdən gələni etmişəm ki, formasını geyindiyim komanda uğur qazansın.

– Uzun müddət idi “Xəzər Lənkəran”ın formasını geyinirdiz…
– Belə olmamalı idi. Futboldur, bilmək olmur başına sabah nə gələcək. İdmançı həyatı başqa olur. Hər şeyə hazır olmaq lazımdır.

– Karyeranı harada davam etdirəcəyiniz dəqiqləşib. “Qəbələ” ilə müqavilə imzalamısız?
– Bu gün hər şey dəqiqləşəcək.

– Başqa variantlar varmı?
– Var idi. Ancaq mən “Qəbələ”nin təklifini müsbət dəyərləndirdim. Şərtləri daha yaxşı idi. İmkan versələr, oynayacam.
– “Qəbələ”də qış fasiləsindən tez oynayacağınıza ümid edirsinizmi? Çünki transfer pəncərəsi bağlanıb…
– Azad agent kimi vərəqim verilib. Komandadan isə avqustun 31-də qovulmuşam. İstəsələr, şərait yarada bilərlər. Ən azı yığmanın oyunçusu olduğum üçün şərait yaratmalıdırlar. Çünki millinin qarşıda iki rəsmi oyunu var. Oynamaq istəyirəm. Hər şeyi futbol oynamaq üçün edirəm. qışa kimi futbolsuz qalmağım da düzgün deyil.

– Sizin gəlişinizdən sonra “Qəbələ”nin müdafiə xəttində yığmanın üzvlərinin sayı çıxalacaq. Bu millinin oyununa müsbət təsir edə bilərmi?
– Təbii ki, xeyri dəyəcək. Nə qədərə bir yerdə oynasaq, xəttlər arası əlaqə də yaxşı olacaq, bir-birimizi daha yaxşı başa düşəcəyik.

– Yuri Syominlə danışmısınızmı?
– Bu gün görüşə bilərik.

– “Qəbələ”nin çıxışı haqda nə deyə bilərsən? Komanda məqsədinə nail ola biləcəkmi?
– Niyə nail ola bilmir. Yaxşı heyətləri var. Mövsümə əla başlayıblar. Əlimizdən gələni edəcəyik ki, məqsədə nail olaq. Şərait da yüksək səviyyədədir.

Apasport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43