Müsahibə Ölkə futbolu

Elşad Əhmədov: “Hazırda hücumçu axtarışındayıq”

“Sabah” klubun baş məşqçisi Elşad Əhmədov İdmanxeber.az saytına verdiyi müsahibədə komandanın ilk dövrədəki çıxışını və heyətə cəlb olunacaq yeni oyunçular barəsində danışıb. Elşad Əhmədov “Sabah”ın çempionatdakı çıxışını hələlik qənaətbaxş hesab etdiyini bildirib:

“Çempionatdakı çıxışımızı qənaətbaxş hesab eləmək olar. Biz Premyer Liqaya yüksələndə qarşımıza burada möhkəmlənmək və mümkün qədər yuxarı pillələrdə olmaq məqsədi qoymuşuq. Bizim öz strategiyamız var. Çalışırıq ki, gələcək üçün komanda quraq. Daha çox gənclərə şans vermək, onları əsas komandaya cəlb etmək istəyirik. Düzdür, yuxarı pillələrdə bitirsək belə Avroliqada çıxş edə bilmirik. Lakin bu, bizə mənfi təsir etmir”

Elşad Əhmədov  çempionatda  “Qarabağ”a qarşı keçirdiyi oyundan sonra oynatmaq istədiyi futbolun bu olmadığını bildirmişdi. Baş məşqçi həmin açıqlamasına toxunaraq bunları deyib:

“Bəli, belə bir fikir səsləndirmişdim. Ancaq o məsələ bir-iki futbolçu ilə düzəlmir. Biz bunu komanda şəklində həyata keçirməliyik. İmkan daxilində istədiyimiz futbolçuları heyətə cəlb edib  bunu bacarmağa çalışacayıq. Alınıb-alınmayacağını isə zaman göstərəcək. Hazırda hücumçu axtarışındayıq. Bilirsiniz ki, Deviçdən sonra çox çətinlik çəkdik. Fasilədə çox oyunçu almağı düşünmürük. Demək olar ki, bir hücümçu ilə transferi bitirəcəyik”.

Baş məqşçi Deviçin zədəli olmasından sonra komandada yaşanan enişə də münasibət bildirib:

“Bizim komanda bir oyunçudan asılı deyil. Ancaq istənilən halda onun təcrübəsi bizə lazımdır. O, düşdüyü bütün imkanlardan yararlana bilir. Digər futbolçular da belə şansalar qazanırlar. Ancaq istifadə edə bilmirlər. Bunun səbəbi də yəqin ki, futbolçu keyfiyyəti, ustalıq səviyyəsindən asılıdır”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43