Ölkə futbolu

Elşad Əhmədov: “Təlim-məşq toplanışından razı qaldım”

“Sabah” Antalya toplanışını başa vurdu. Yanvarın 2-dən Türkiyədə olan komandamız toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınadı.

“Sabah” Türkiyənin “Eskişehirspor” (1:0) və Macarıstanın “MTK Budapeşt” (3:1) klublarını məğlub edib, Qazaxıstanın “Tobol” (2:2) və İsveçrənin “Syon” klubunun (4:4) U-21 komandası ilə heç-heçə etdi. Baş məşqçimiz Elşad Əhmədov klubun mətbuat xidmətinə müsahibədə Antalya toplanışını dəyərləndirib:

“Təlim-məşq toplanışına yanvarın 2-dən başladıq. İlk 10 gün fiziki hazırlıq üzərində çalışdıq. Sonrakı günlərdə isə taktiki-texniki hazırlığa üstünlük verdik. Bu müddətdə 4 yoxlama görüşü keçirdik ki, bunların da 2-də qalib gəlib, 2-dən heç-heçə ilə ayrıldıq. Çox şükür, oyunları zədəsiz başa vurduq”.

– Antalyadakı təlim-məşq toplanışından razı qaldız? 

– Bəli, təlim-məşq toplanışından razı qaldım. Futbolçular bu hazırlıqda canla-başla çalışdılar. Yalnız hava ilə bağlı bir az çətinliyimiz oldu. Güclü yağış səbəbindən bir neçə məşqi fitnes zalında keçməli olduq.

– Yoxlama oyunları barədə nə deyə bilərsiz?

– Maraqlı oyunlar oldu. Xüsusilə, 2 və 3-cü oyunlarda rəqibərimizin səviyyəsi daha güclü idi. Həmin qarşılaşmalar komandamın real gücünü görmək baxımından daha əlverişli oldu. Ümumi götürəndə, oyunlarımızdan razı qaldım. Sonuncu, 4:4 hesablı heç-heçə etdiyimiz qarşılaşma da məni razı saldı. Qol buraxsaq da, komandamın 4 qol vurması sevindiricidi. Ümumilikdə, 4 oyuna 10 qol vurduq. Hücum xəttində irəliləyiş olması müsbət məqamdı. Çatışmayan cəhətlərimiz də var. Fasilənin bitməsinə 10 gün qalıb. Bu müddətdə çatışmayan cəhətlərimiz üzərində çalışacağıq.

– Ən razı qaldığınız oyun hansı oldu?

– “MTK Budapeşt”lə oyun məni daha çox razı saldı. Məncə, bu qarşılaşma daha maraqlı alındı. Bundan başqa, “Tobol”la görüşün ilk 60 dəqiqəsində sərgilədiyimiz oyundan da razı qaldım.

– “Sabah” tərəfdarlarına mövsümün ikinci yarısında nə vəd edirsiz?
– Bizim əsas məqsədimizin gəncləri komandamıza qazandırmaqdı. Ancaq əlimizdən gələni edəcəyik ki, turnir cədvəlində də daha yüksək pillələrdə yer alaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43