13 Noyabr 2019
Müsahibə Ölkə futbolu

Elxan Abdullayev: “Azərbaycanda Qurban Qurbanovdan başqa məşqçi yoxdur ?”

“Neftçi”nin sabiq baş məşqçisi Elxan Abdullayev İdmaxeber.az-a müsahibə verib

-Milli komandanın yeni baş məşqçisi Nikola Yurçeviç oldu…

-İlk öncə deyim ki, onu təyin edən federasiyadır. Əgər AFFA Yurçeviçi seçibsə, deməli biz ona hörmətlə yanaşmalıyıq. Bu insan kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə bilər.  Amma mən ona dəstək vermək istəyirəm. İstəmirəm ki, ilk gündən ona qarşı tənqidlər səslənsin. Mən saytları davamlı izləyirəm. Adam hələ işinə başlamayıb, artıq onu tənqidə başlayıblar. Niyə, nəyə görə ? Mən bunu anlamıram. Bir imkan verək işləsin, çalışsın. Ona qiymət vermək üçün iş başında görmək lazımdır. Onu da görəcəyik. Bir müddət sonra onun işinə bir yerdə qiymət verə bilərik.

-Biz Foqtsdan, Prosineçki kimi məşhur baş məşqçilərdən niyə Yurçeviç səviyyəsinə gəldik ?

– Mənim üçün baş məşqçinin sivisi böyük bir rol oynamır. Mən faktlarla danışıram. Siz Bakıda məşhur məşqçi görmək istəyirsiniz. Bəs məşhur klublarla, millilərlə kim məşğul olsun ? Bizdə bir nəfər məşhur məşqçi Foqts olub. Geridə qalan  Torres,  Prosineçki məşhur olmayıb. Bunların heç biri öz millilərinin baş məşqçiləri olmayıb. Əgər ad kimi götürsək, Maradonanın millimizə baş məşqçi olmasına razılaşarsınız ? Ona görə də bu nüanslara çox da fikir vermək lazım deyil.

-Yurçeviç daha çox köməkçi məşqçi kimi çalışıb …

-Siz bilirsiniz ki, mən də uzun müddət köməkçi məşqçi kimi işləmişəm. Köməkçi məşqçi kimi çalışmaq baş məşqçidən daha çətindir.

-Belə çıxır ki, Yurçeviç indi daha çox çətinlik çəkəcək ?

-Biz azərbaycanlı məşqçilər heç birimiz “Beşiktaş”, “Vest Hem” kimi klublarda çalışmamışıq. Bəlkə də elə mən ömrümün sonuna qədər işləməyəcəm. Bizim haqqımız yoxdur ona nəsə deməyə, danışmağa. Əgər onu Biliç köməkçi aparırsa, deməli bir bildiyi var. Ona güvənir. O, böyük klublarda işləyib. Mənə görə “Beşiktaş” böyük klubdur. Bizim nəinki indi, heç sovet vaxtlarında belə çalışan mütəxəssislərimiz gedib Premyer Liqa görməyib. Əgər bizdə də 10 nəfər belə məşqçi olsaydı, gedib “Liverpul”da, “Everton”da köməkçi məqşçi kimi çalışsaydı nəsə deyə bilərdi. İndi dünya səviyyəli baş məşqçilər belə vaxtı ilə köməkçi məşqçi işləyib. Mən buna normal yanaşıram. Qətiyyən siviyə baxmamalıyıq. Biz onun işinə baxmalıyıq. Hər il onlarca məşhur futbolçu futbolu buraxır. Bu o demək deyil ki, o, dərhal gəlib məşqçi işləyib, uğur qazancaq ?

-Yurçeviçin qarşısına millini finallara aparacağı məqsədi qoyulub deyilir. Sizcə, bunu bacar bilər ?

-Mən onun mətbuat konfransını izlədim. Yurçeviç belə bir açıqlama etmədi. O, demədi ki, mənim qarşıma belə bir məqsəd qoyulub. Mən ona diqqətlə qulaq asmışam. Ola bilər ki, onun qarşına başqa məqsəd qoyulub. Daha uğurlu çıxış etmək, daha yaxşı oyun göstərmək.

-Yaxşı, özü deməyib. Bəs, Elxan Abdullayev nə deyir? Yurçeviç bunu bacara bilər ?

-Nə Elxan Abdullayev, nə də başqası Yurçeviçi tanımır. Bunun üçün onun işi ilə tanış olmaq lazımdır. Əgər biz bu suala “yox” cavabı versək, doğru olmaz. Səbrli olub, gözləmək lazımdır. İmkan vermək lazımdır. Sonra bir nəticə çıxararıq.

-Yurçeviçlə 1 illik müqavilə bağlanıb. Sizcə bu müddətlə gələcək üçün hansısa plandan, sistemdən danışmağa dəyər ?

-Bu məsələdə fərqli söhbətlər ola bilər. Bəlkə AFFA hələ bir müddət onun işinə baxmaq istəyir. Bəlkə də Yurçeviç özü belə bir tələb edib. Ola bilər ki, bu müddətdə ölkə futboluna baxmaq, tanımaq istəyir.

-Qurban Qurbanovdan uğur qazana bilmədisə, milli komandaya heç bir yerli baş məşqçinin gətirilməməsi deyilir. Razısınız bu fikirlə ?

-Bu çox yanlış, absurd fikirdir. Bu nə deməkdir ? Niyə görə Qurbandan sonra heç kim işləyə bilməz ? Mən belə fikirləşmirəm. Qurban müəllimə böyük hörmətim var. Mən də razılaşıram ki, ölkənin ən yaxşı məşqçisi Qurban Qurbanovdur. Ancaq bu, o demək deyil ki, ondan başqa məşqçi yoxdur. Bu gün Azərbaycanın yaxşı gənc məşqçiləri var. Bəli, Qurbanov nəticələri ilə ən yaxşı olduğunu sübut edib. Bu, şübhəsizdir. Ancaq biz bütün məşqçilərə hörmətlə yanaşmalıyıq. Mən istərdim ki, digər azərbaycanlı baş məşqçilərə də belə bir şərait yaradılsın. Və onlar da özlərini göstərə bilsinlər. Mən başa düşmürəm, deyirlər ki, “xarici gəlib pulu yeyəcək, elə ondansa Qurban olsun” belə yanaşma olar ? Onlar eyni zamanda iddia edirlər ki, Qurban da heçnə edə bilməyəcək. Yaxşı, nəyə görə Qurban ? Başqa məşqçi yoxdur ? Olsun Vaqif, Məmməd, Orxan. Niyə görə Qurban ? Bu fikir ən çox Qurban Qurbanova hörmətsizlikdir. Elə bu sözlə onu tankın altına atırlar.

-Azərbaycan milli komandasına kim baş məşqçi təyin olunursa, belə bir fikir yaranır ki, o, yaxşı məşqçi olsaydı bura gəlməzdi. Sizcə bu, nə dərəcə doğrudur ?

-Buna çox qısa cavab olaraq Robert Prosineçkini deyə bilərəm. Bu məşqçi öz işə ilə özünü sübut etdi. Bu gün də Bosniya ilə yaxşı işlər görür. Bilirsiniz, məşqçi də işsiz qala bilər. Məşqçi üçün nə maraqlıdır ? Necə ki, sizin üçün hansısa bir mövzü maraqlı olur, məşqçi üçün də yeni bir iş yeri belədir. Onun üçün yeni bir ölkə, yeni bir millət daha maraqlıdır. Özünü yoxlamaq istəyir. Oturub fikirləşir ki, mən bunu edə bilərəm, ya yox. Bu, insandan aslıdır. Adam var həmən pula baxır və gedib Ərəb ölkələrində çalışır. Bizdə o qədər də böyük pullar verilmir. Məşqçi üçün belə bir milli ilə nəsə etmək daha çox maraqlıdır. Xorvatiyanı dünya çempionatına çıxartmaq daha asandır, nəinki Azərbaycanı. Ancaq Azərbaycanı çıxartsan daha böyük uğur, rekord ola bilər. Ola bilsin o da bunu fikirləşib.

-Komandamızın Millətlər Liqasındakı çıxışı və Qurbanovun ayrılmasına nə münasibət bildirərsiniz ?

-Mən həmişə öz həmkarlarıma dəstək olmuşam. Həmçinin də Qurbanova. Biz razılaşmalıyıq ki, bizim səviyyəmiz budur. Ancar hər zaman istəyirik, nəsə tələb edirik. Mən başa düşürəm, istəyə bilərik. Ruslar demiş: Elə bir əsgər yoxdur ki, general olmaq istəməsin. Ancaq reallıq var. Reallıq göstərdi ki, biz hələ də buna hazır deyilik. Qurbanov meydanda futbol oynamır. Sadəcə səviyyəmiz budur.

-Bəs Qurbanovun göndərilməsinə nə deyirsiniz ?

-Bu məsələyə toxunmaq istəmirəm.

-Bəzən deyilir ki, necə olur ki, Foqtsa və digərlərinə daha çox şans verildi, amma Qurbanova yox ?

-Berti Foqtsun vaxtında Millətlər Liqası yox idi.

-Bildiyiniz kimi aşağı yaş qruplarında da yeni təyinatlar olub. U-21 millimiz Milan Obradoviçə, U-15, U-16 isə Miloş Velebitinə tapşırıldı. Niyə görə yerli baş məşqçilərə şans yaradılmır, niyə onlara güvənilmir ?

-Mənə elə gəlir ki, bu sualı bu adamları kim seçirsə, onlara vermək lazımdır. Ancaq düşünürəm ki, bizdə elə bir məşqçi yoxdur ki, özünü o səviyyədə olsun. Məsələn, hansısa pley-offa çıxaraq və ya daha uğurlu nəticə göstərərək. Bizdə belə bir mütəxəssis yoxdur. Ona görə də inamsızlıq yaranır. Düşünürlər ki, Elxan Abdullayevi də qoysaq, yenə də heçnə olmayacaq. Xaricilərin üstünlüyü ondadır ki, onlar nə vaxtsa yaxşı bir nəticə qazanaraq özlərini sübut ediblər.

-Məsələn, U-21-in baş məşqçisi Milan Obrodoviç hansı nəticələri qazanıb ?

-Mən onları çox izləmirəm. Bizdə komitə var, onlar da seçirlər. Yaxşı olar ki, bu sulları onlara verəsiniz. Mən bilmirəm. Bəlkə də Obradoviç Serbiyanı dünya çempionatına çıxardıb. Xəbərsizəm.

-Qarşıdan AÇ seçmə mərhələsi gəlir.  Yurçeviçli milli komanda bu seçmə mərhələdə nə edə bilər ?

-Nə edə bilər ? Mən hansısa bir hədəf qoymuram. Bu mərhələyə Millətlər Liqası tərəfindən baxa bilmərik. Biz dərhal belə müqayisə edirik ki, Maltanı məğlub edə bilmiriksə, Xorvatiyanı da uda bilmərik. Məncə, bu yanlışdır. Təbii ki, finallara vəsiqə qazanmaq fantastik bir nəticə ola bilər. Əgər bunu bacaran bir baş məşqçi varsa, ona Bakının ortasında heykəl qoymaq lazımdır. Bu gün bu qrup çətindir deyə, oynamaqdan imtina edək ? Təssəvvür edin, iki boksçu rinqə çıxır. Biri dünya çempionu olur. İndi digər rəqib rinqdən qaçmalıdır? Çıxıb oynamalıyıq. Qabaqcadan mənfi fikirlərə düşmək lazım deyil. Bizdə 90 faiz neqativ düşünür. Bu gün Qvardiola, Mourinyo belə gəlsə, dərhal tənqidə başlayacaqlar. Bəlkə Yurçeviç indiyə kimi olan baş məşqçilərədn daha yaxşıdır. Sovet vaxtında İqor Nipomşi adlı bir məşqçi var idi. Səhv etmirəmsə, indi də Rusiyada I Divizionda çalışır. O vaxtı SSRR-dən müxtəlif baş məşqçilər  futbolun təblığatı üçün Afrika ölkələrinə gedirdilər. İ.Nipomşi də Kameruna getmişdi. Elə orda qalıb Kamerun millisi ilə dünya çempionatına vəsiqə qazandı. Heç kimin təssəvvür etmədiyi Kamerunla . Görürsünüz ? Futbolda belə möcüzələr  olur. Ona görə də mən həmişə belə məsələlərdə müsbət düşünürəm.

Həsən Quluzadə

Oxşar xəbərlər

Turun oyunçusu – Bilal Həmdi

admin

Höccət Hacıyev: “Bu belə də qalacaq”

admin

FİFA referisi birinci divizionda – təyinatlar

admin