Ölkə futbolu

Elxan Abdullayev: “Forza “Neftçi”ni azarkeş saymıram”

Bu gün Azərbaycan kubokununu yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” doğma meydanda “Neftçi” ilə 0:0 hesablı bərabərlik əldə edərək finala yüksəldi.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

– “Qarabağ”ı təbrik edirəm. “Qəbələ” və “Qarabağ”a finalda uğurlar arzulayıram. Komandam yaxşı oynadı, amma ilk oyunda uduzduğumuz üçün keçə bilmədik.

– Komandaya gəldiyinizdə demişdiniz ki, “Neftçi”ni pis vəziyyətdən çıxaracaqsınız. Sizcə, komandanın durumunu düzəldə bilmisiz?

– Mən bura gələndə söz verməmişdim ki, “Neftçi” Avroliqaya gedəcək. Sadəcə, demişdim ki, komandanı çətin vəziyyətdən çıxaracağam. Tahir Süleymanov yazır ki “Neftçi” 15 dənə transfer edib. Biz belə etməmişik. Sadəcə, gedən futbolçuların yerinə yenilərini gətirmişik. Eyni maaşlara yeni futbolçular gətirmişik. Bizim problemimiz ondadır ki, zəif rəqiblərə uduzmuşuq, güclüləri udmuşuq. Bu, bizim problemimizdir.

– İcarə əsasında oynayan legionerləri komandada saxlayacaqsınızmı?

– Bəzi adamlar bizim büdcəmizi üstün sayır. Bizdə Flavinyo, Vobay oynayırdı. İndi həmin futbolçuların aldığı maaşa 3 oyunçu saxlayırıq. Çalışacağıq ki, futbolçuları saxlayaq.

– “Neftçi”ni məğlub edən komandalar “Zirə”, “Sumqayıt”ın büdcəsi sizdən azdı. Sizcə, sizin “Neftçi”dəki işiniz fiaskoya uğradı?

– Azarkeşlər bizi istefaya səsləyirlər. Əgər onlar 60-cı dəqiqədən sonra istefa qışqırırsa, mən onları azarkeş saymıram. “Forza Neftçi” gəlib istefa qışqırır stadionda. Onlar azarkeş deyillər. Belə azarkeş olmur.

– Azarkeşlərə belə deməkdən qorxmursuz?

– 15-16 yaşlı azarkeşlərdən qorxacağam? Onlar gəlib tərbiyəsiz ifadələr işlədirlər, söyüş söyürlər… Onlardan niyə qorxmalıyam?

– Kamran Ağayev komandanın düşərgəsindədirmi?

– Xeyr. İstəyərdim ki, elə bir qapıçı komandamda olsun. Amma onun “Boavişta” ilə müqaviləsi var.

– Deyirsiz ki, azarkeşlər “Neftçi”ni söyürlər. Azarkeş “xalqın komandası”nı niyə söyməlidir?

– Bunu özünüz yaxşı bilirsiz. Onları kimsə öyrədir. Amma səhv öyrədir. Bimirəm azarkeşləri kim öyrədir. O azarkeşlər “Qəbələ”ni udduğumuzda bizi dəstəkləyirdi, amma indi məni istefaya səsləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43