Müsahibə

Emil Balayev: “Ayntraxt” AFFA qarşısına şərt qoydu” – MÜSAHİBƏ

Almaniyanın “Ayntraxt” klubunun və milli komandamızın qapıçısı Emil Balayevin müsahibəsi.

– Hava şəraitinə görə milliyə gec qoşuldun. Bununla bağlı nə deyə bilərsiz?

– Bir az yorğunluq var idi. Hava limanında, demək olar ki, 1 gün qaldım. Amma komandaya qoşulub, bir məşq keçəndən sonra yorğunluq keçdi. Təlim-məşq toplanışı yaxşı davam edir. Hər şey qaydasındadı. Toplanışda Andrey Popoviçlə mən iştirak edirik. Kimin əsas heyətdə yer alacağına məşqçilər korpusu qərar verəcək.

– Robert Prosineçkinin ilk toplanışıdı. Xorvatiyalı məşqçi ilə bağlı da fikirlərini bilmək istərdik…

– Prosineçki yaxşı mütəxəssislərdəndir. Gördüyüm qədərilə komandada əhval-ruhiyyə də əladı. Prosineçki yaxşı məşqlər keçir. İnanıram ki, gələcəkdə onun rəhbərliyi altında uğur qazana biləcəyik.  

– Alman dilini öyrənməyə başlamısan?

-Fevralın əvvəlindən alman dili dərslərinə başlamışam. Yəni hələ ki cəmi 1 dəfə dərsə getmişəm. Həftədə ya  1, ya da 2 dəfə dərslər olur. Deməzdim ki, alman dilini artıq bilirəm. İngilis dilini bildiyimdən, “Ayntraxt”da bu dildə ünsiyyət qururam. İnşallah, alman dilini də öyrənəcəm.

-Almaniyadakı qapıçı məşqləri ilə millidəki məşqlər arasında nə kimi fərqlər var?

– Millidə də yaxşı məşqlər keçilir. Faiq Əzizov da güclü məşqçidi. Onun məşqləri alman məşqçilərin məşqlərindən çox da fərqlənmir. Millinin məşqləri də yüksək tempdə keçir.

– Millidə qapıçılar arasında böyük rəqabət var. “Ayntraxt”da oyun praktikasından əziyyət çəkməyin yığmadakı karyerana mənfi təsir edə bilərmi?

– Futbolçunun işi məşqdə özünü hərtərəfli göstərməkdi. Mən həm “Ayntraxt”da, həm də yığmada bunun üçün çalışıram. Son qərarı isə baş məşqçi verir. Əlimdən gələni edəcəm ki, hər iki komandada əsas qapıçı olum.

– Qapıçı üçün oyun praktikası böyük rol oynayır. Yəqin bununla razılaşarsan…

– Razıyam. Biz sadəcə olaraq, öz işimizi görməliyik. Nə bacarırıqsa, hamısını məşqlərdə göstərməliyik.

– “Ayntraxt”ın əsas qapıçısına çevrilmək imkanın varmı?

– Orda şərait elədi ki, 2 qapıçı ilə – Kevin Trapp və Feliks Vidvaldla rəqabət aparıram. Hər ikisinin 25 yaşı var. Vilvaldın yayda komandanı tərk edəcəyi gözlənilir. Trapp isə 2019-cu ilə qədər müqaviləsinin müddətini artırıb. Ola bilsin, komandada ikimiz qalaq. Mən də məşqlərimi edirəm. Çalışacam ki, əsas heyətə düşüm.

– “Ayntraxt”ın məşqlər korpusunun üzvləri ilə yəqin ki, söhbətləriniz olub. Sənən münasibətləri necədi və sənə inanırlarmı?

– Mənə orda gənc oyunçu kimik böyük ümidlə baxırlar. 20 yaşım var. Məndən çox şey gözləyirlər, etimad göstərirlər. Mən də həmin etimadı doğrultmalıyam.

– Bu toplanış FİFA-nın “pəncərəsi”nə düşmədiyindən, legioner həyatı yaşayan milliyə namizədlər toplanışa qoşulmadılar. Bu sarıdan klubunla problem yaşamadın?

– Xeyr. Sadəcə belə şərt irəli sürdülər ki, əgər ikinci qapıçı zədələnsə, mən dərhal “Ayntraxt”ın düşərgəsinə qayıtmalıyam. Bu barədə AFFA-ya məlumat veriblər. Toplanış FİFA-nın “pəncərəsi”nə düşmədiyi üçün bu cür şərt irəli sürdülər.

mənbə: korner.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43